«KredoBank» ilin sonunadək yeni 4 filial açacaq

«KredoBank» ilin sonunadək yeni 4 filial açacaq
# 28 oktyabr 2008 07:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «KredoBank» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin sonuna kimi respublika ərazisində yeni 4 filial açmaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədri Baratəli Piriyevin «APA-Economics»ə verdiyi məlumata görə, yeni filiallar ölkənin müxtəlif bölgələrini əhatə edəcək. Belə ki, filialların 2-si Mərkəzi Aran rayonlarında (Bərdə və İmişli), 2-si isə Bakıda yerləşəcək. Paytaxt filiallarının Bülbül prospekti və Bayıl qəsəbəsində açılması nəzərdə tutulub.
«Artıq Bayıl filialı ilə bağlı Azərbaycan Milli Bankına müraciət etmişik. Bülbül prospektində açılacaq yeni filialın sənədləri isə hazırlanıb və yaxın günlərdə mərkəzi banka təqdim ediləcək. Regiondakı filiallarda təmir işləri aparıldığı üçün hələlik bu filialların sənədləri hazırlanmayıb», - deyə B.Piriyev bildirib.
Qeyd edək ki, hazırda «Kredobank»ın respublika üzrə 11 filialı fəaliyyət göstərir və bunun 5-i Bakıda, 6-sı isə regionlarda yerləşir.
Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» SKB 1994-cü ildə yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 29,573 mln. manat, kredit portfeli 21,312 mln. manat, depozit portfeli 6,678 mln. manat, məcmu kapitalı 14,648 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,040 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR