Azərbaycanda sahibkarların güzəştli kreditlərə olan tələbatı cari imkanları 3 dəfə üstələyir

Azərbaycanda sahibkarların güzəştli kreditlərə olan tələbatı cari imkanları 3 dəfə üstələyir
# 28 oktyabr 2008 14:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda sahibkarların güzəştli kreditlərə olan tələbatı Sahibkarlara Kömək Milli Fondunun (SKMF) mövcud maliyyələşdirmə imkanlarından 3 dəfə çoxdur. «APA-Economics»in məlumatına görə, bunu SKMF-nin icraçı direktoru Xaliq Məmmədov bildirib.
X.Məmmədovun sözlərinə görə, bu il ərzində SKMF-yə 251,3 mln. manat dəyərində 856 layihə daxil olub: «Bu da onu göstərir ki, sahibkarların güzəştli kreditlərə olan tələbatı SKMF-nin mövcud imkanlarından çoxdur. SKMF-ya dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 2008-ci ildə 80 mln. manat təşkil edib, 2009-cu ildə isə iki dəfə artırıla bilər».
SKMF-nin rəhbəri həmçinin bildirib ki, cari il ərzində vəsaitin 78,9%-i regionların inkişafı layihələrinin icrasına yönəldilib və gələn il bölgələrə ayrılan vəsaitin həcmi bir qədər də artacaq: «Gələn il ərzində regionlarda aqrar və kənd təsərrüfatı sahələrinə daha çox vəsaitin ayrılması nəzərdə tutulub».
Qeyd edək ki, SKMF vəsaiti bank-agentlərə illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayrılır. Bu il üçün dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi üçün SKMF-yə 80 mln. manat (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına) ayrılıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, 2002-ci ildən etibarən Fondun kredit portfeli təxminən 300 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR