Gələn həftə İordaniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gələn həftə İordaniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 29 oktyabr 2008 12:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayının 3-6-da Əmmanda (İordaniya) İordaniya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
«Azərbaycan tərəfindən hökumətlərarası komissiyaya ölkənin iqtisadi inkişaf nazirinin səlahiyyətlərini icra edən Heydər Babayev, İordaniya tərəfindən isə bu ölkənin sənaye və ticarət naziri Əmir əl Hədidi həmsədrlik edirlər», - deyə nazirlikdən bildirilib.
İclas çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin mövcud durumu, onların gələcək inkişaf perspektivləri və bir sıra digər məsələlər müzakirə olunacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə isə, hökumətlərarası komissiyasının iclası çərçivəsində Əmmanda həmçinin İordaniya-Azərbaycan biznes-forumunun keçirilməsi də planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR