«United Credit Bank» bu il mənfəətini 90% artıracaq

«United Credit Bank» bu il mənfəətini 90% artıracaq
# 30 oktyabr 2008 07:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) 2008-2010-cu illər üçün strateji plana əsasən, cari ildə 388 min manat həcmində xalis mənfəət əldə edəcəyi proqnozlaşdırılır. Bu isə 2007-ci ilin analoji faktiki göstəricisindən 89,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu il bankın faiz gəlirinin 4 mln. manat, faiz xərclərinin 2 mln. manat, xalis faiz gəlirlərinin 1,650 mln. manat, qeyri-faiz xərclərinin isə 2,098 mln. manat təşkil edəcəyi gözlənilir. Bank bu il ərzində dövlət büdcəsinə 53,4 min manat vəsait ödəyəcək.
Proqnoza görə, 2009-cu ildə bankın xalis mənfəəti 600 min manat, 2010-cu ildə isə bu göstərici 850 min manata çatacaq.
Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 33,514 mln. manat, kredit portfeli 22,167 mln. manat, o cümlədən istehlak kreditləri 8,806 mln. manat, depozit portfeli 8,675 mln. manat, məcmu kapitalı 13,428 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Yanvar-sentyabr aylarında bank 173 min manat həcmində mənfəət əldə edib.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki şəxs olan «United Credit Bank» SKB 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Hazırda bakın respublika üzrə 5 filialı, 4 bankomatı və 4 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR