Azərbaycan bank sektorunda təhlükəli aktivlərin həcmi son bir ildə 23% artıb

Azərbaycan bank sektorunda təhlükəli aktivlərin həcmi son bir ildə 23% artıb
# 30 oktyabr 2008 09:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin oktyabr ayının 1-i vəziyyətinə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivlərinin 0,9%-i və ya 76,46 mln. manatı ümidsiz aktivlərin payına düşüb.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, 2007-ci ilin eyni dövrünün analoji göstəricisi ilə müqayisədə ümidsiz aktivlərin real həcmi 14%, nisbi həcmi isə 2 dəfə azalıb.
Eyni zamanda, təhlükəli aktivlərin həcmi oktyabrın 1-nə 90,91 mln. manat təşkil edib ki, bu da ümumi həcmin 1,7%-i deməkdir. Qeyri-qənaətbəxş aktivlərin həcmi 143,43 mln. manata bərabər olub ki, bunun da ümumi aktivlərdə xüsusi çəkisi 1,7%-dir. Ötən ilin eyni dövrünün analoji göstəriciləri müvafiq olaraq 73,92 mln. manat (xüsusi çəkisi – 1,5%) və 212,08 mln. manat (xüsusi çəkisi – 4,2%) olub. Bunu nəzərə almaqla qeyd olunmalıdır ki, təhlükəli aktivlərin real həcmi üzrə 23% artıb, nisbi azalma isə 26,7% təşkil edib. Qeyri-qənaətbəxş aktivlərin real həcmi 32,4% azalıb, nisbi azalma isə 2,5 dəfə olub.
Ümumiyyətlə, Azərbaycan bank sektorunda qeyri-standart, yəni təhlükəli, qeyri-qənaətbəxş və ümidsiz aktivlərin ümumi payı 3,6%-ə bərabərdir. Bank sistemində bu cür aktivlərin ümumi aktivlərdə xüsusi çəkisi 5-6% səviyyəsində olması normal hesab olunur. Eyni zamanda, qeyri-standart aktivlərin həcmi il ərzində 17,1% azalıb, xüsusi çəkisinin azalması isə 2,1 dəfə təşkil edib.
Bu göstəricilər bankların aktiv əməliyyatlarda, əsasən də kreditləşməyə çox ehtiyatla yanaşmasını, risksiz əməliyyatlara üstünlük verməsini əks etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR