USAİD «Muğanbank»ın əməkdaşları üçün təlimlərə başlayıb

USAİD «Muğanbank»ın əməkdaşları üçün təlimlərə başlayıb
# 30 oktyabr 2008 12:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanın «Muğanbank» Səhmdar Kommersiya Bankının (SKB) əməkdaşları üçün təlimlərə başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təlimlər bu ilin sentyabr ayında USAID ilə «Muğanbank» arasında «Maliyyə sektorunun stabilliyi proqramı» (FSSP) çərçivəsində imzalanmış saziş əsasında həyata keçirilir.
Bu proqram çərçivəsində USAİD tərəfindən «Muğanbank»a kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində texniki yardım göstəriləcək. Təlimlər yalnız kredit mütəxəssisləri üçün deyil, bankın risklərin idarə olunması, marketinq və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşları üçün də nəzərdə tutulub.
Qeyd edək ki, layihəyə maliyyə vəsaiti USAİD tərəfindən ayrılıb. «Maliyyə sektorunun stabilliyi proqramı» üzrə əməkdaşlıq üçün 5 bank («AtraBank», «Muğanbank», «NBCBank», «Azərdəmiryolbank» və «Royal Bank of Baku») seçilib, ayrılan ümumi vəsaitin həcmi isə 1 mln. ABŞ dolları təşkil edir.
Bir il üçün nəzərdə tutulan layihənin icraçısı «BankworldInc» təşkilatıdır. Bu təşkilat seçilmiş 5 banka kiçik və orta sahibkarlıq sahəsində ən yaxşı beynəlxalq təcrübəni təbliğ edərək məsləhət və treninq xidmətləri ilə təmin edəcək.
Xatırladaq ki, «Muğanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 91,851 mln. manat, kredit portfeli 67,294 mln. manat, depozit portfeli 34,434 mln. manat, məcmu kapitalı 14,981 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib. Bankın respublika üzrə 23 filialı, 5 şöbəsi 25 bankomatı və 62 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR