Hadı Rəcəbli: «Dünya bazarında neftin ucuzlaşmasının məqsədi Rusiya, İran və digər ölkələri cəzalandırmaqdır»

Hadı Rəcəbli: «Dünya bazarında neftin ucuzlaşmasının məqsədi Rusiya, İran və digər ölkələri cəzalandırmaqdır»
# 30 oktyabr 2008 12:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın 2009-cu il üçün dövlət büdcəsinin əsas prioritetləri yenə də sosial məsələlər olacaq. «APA-Economics»in məlumatına görə, Milli Məclisin (MM) sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, investisiya tutumlu olacaq gələn ilki büdcənin təxminən 5 mlrd. manatı investisiya məqsədlərinə, 30%-dən çox hissəsi birbaşa sosial məsələlərin həllinə yönəldiləcək. MM üzvü qeyd edib ki, əvvəllər büdcənin 60%-i sosial sahəyə ayrılırdı. Hazırda bu nisbətin iki dəfə azalmasına baxmayaraq, ayrılan vəsaitin real həcmi 4-10 dəfə artıb.
Neftin dünya bazarında qiymətinin ucuzlaşmasının Azərbaycanın növbəti il üçün dövlət büdcəsinə təsiri ilə bağlı indidən konkret fikir söyləmək istəməyən H.Rəcəbli bildirib ki, bununla bağlı konkret göstəricini büdcə layihəsi müzakirəyə çıxarılan zaman səsləndirmək mümkün olacaq: «Ola bilər ki, təkliflərdə büdcə üçün neftin baza qiyməti 60-70 ABŞ dolları/barel olsun, amma başqa rəqəmin də olması mümkündür. Ümumilikdə, bu gün gedən proseslər neftin son qiyməti deyil. Məlumdur ki, neftin qiyməti bu gün aparılan müəyyən işlər nəticəsində aşağı düşüb. Bunun məqsədi Rusiyanı, İranı və digər ölkələri cəzalandırmaq olub».
MM səlahiyyətlisi hesab edir ki, bu ilin sonu və ya gələn ilin əvvəlində dünya bazarında neft bahalaşa bilər: «Neftin qiyməti bəzi iqtisadçılarımızı narahat edir, amma narahatçılığa əsas yoxdur. Neftin qiyməti büdcədə xalqa xidmət edən bir rəqəmlə nəzərə alınacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR