Azərbaycanda bank aktivlərinin strukturunda investisiyaların payı son bir ildə 1,29 faiz bəndi azalıb

Azərbaycanda bank aktivlərinin strukturunda investisiyaların payı son bir ildə 1,29 faiz bəndi azalıb
# 30 oktyabr 2008 13:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının investisiya qoyuluşlarının məcmu həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 558,6 mln. manat təşkil edib.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici 2007-ci ilin eyni dövrü üzrə müqayisədə 38,7% artıb. Eyni zamanda, investisiyaların ümumi bank aktivlərində xüsusi çəkisi il ərzində 6,92%-dən 5,63%-dək enib.
Müqayisə üçün bildirək ki, aktivlərin 70%-ə yaxın hissəsi kreditlərin, o cümlədən banklararası kreditlərin payına düşür. Həmçinin, müxbir hesablarda olan vəsaitlərin aktivlərdə xüsusi çəkisi investisiyaların payından 2,2 dəfə artıqdır. Bu da bankların investisiya, yəni uzunmüddətli maliyyə qoyuluşlarına üstünlük verməyərək, sərbəst vəsaitlərin müxbir hesablarda saxlanmasının tərəfdarı olduqlarını göstərir. Bu həm də likvidliyin qorunması məqsədi ilə edilir.
Bank investisiyalarının aşağı səviyyədə olması Azərbaycanda bir tərəfdən bankların aktiv əməliyyatlarda kəskin konservativ mövqedən çıxış etməsi, digər tərəfdən bazarda gəlirlik, risk və s. amillər baxımından bankların tələblərinə cavab verən maliyyə alətlərinin azlığı ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR