«AccessBank»ın Mərdəkan və Zaqatalada yeni filialları açılıb

«AccessBank»ın Mərdəkan və Zaqatalada yeni filialları açılıb
# 30 oktyabr 2008 13:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) Bakının Mərdəkan qəsəbəsi və Zaqatala rayonunda filial açılıb. Bununla da bankın filiallarının ümumi sayı 20-yə çatıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hər iki yeni filialda həm hüquqi, həm də fiziki şəxslərə bütün növ bank xidmətləri göstəriləcək. Bura cari hesabların, depozitlərin və VİSA plastik kartlarının açılması, kiçik və orta həcmli kreditlərin verilməsi, sürətli pulköçürmələri, istehlak kreditləri və müxtəlif kassa əməliyyatları daxildir.
Qeyd edək ki, bankın filial şəbəkəsi Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərləri, Şəki, Lənkəran, Xaçmaz və Qazax rayonlarını əhatə edir.
Xatırladaq ki, «AccsesBank» SKB 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında bankın brendi dəyişdirilib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 187,532 mln. manat, depozit portfeli 17,208 mln. manat, kredit portfeli 158,718 mln. manat, məcmu kapitalı 39,665 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR