İlin sonunadək Azərbaycan-ABŞ ticarət dövriyyəsinin həcmi 5 mlrd. dollara çatacağı gözlənilir

İlin sonunadək Azərbaycan-ABŞ ticarət dövriyyəsinin həcmi 5 mlrd. dollara çatacağı gözlənilir
# 30 oktyabr 2008 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf nazirinin səlahiyyətlərini icra edən Heydər Babayev Bakıda səfərdə olan ABŞ-ın ticarət nazirinin müavini Con Sallivanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə C.Sallivan Azərbaycanda həyata keçirilən islahatların və əldə olunmuş uğurların ABŞ-ın diqqət mərkəzində olduğunu vurğulayıb və qeyd edib ki, artıq 2009-cu ildə ABŞ-ın Kommersiya Departamentinin ofisi Azərbaycanda fəaliyyətə başlayacaq.
Öz növbəsində H.Babayev Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, idxal-ixrac əməliyyatlarının həcminin ilbəil artdığını qeyd edib və vurğulayıb ki, son 5 ildə Azərbaycan-ABŞ iqtisadi-ticarət əlaqələri daha da inkişaf edib. Belə ki, 2007-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 497 mln. dollar, 2008-ci ilin 7 ayı ərzində isə 4,2 mlrd. dollar təşkil edib, ilin sonunadək isə bu göstəricinin 5 mlrd. dollara çatacağı gözlənilir.
Görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü, xüsusi iqtisadi zonaların yaradılması məsələləri də müzakirə olunub və qeyd edilib ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, sahibkarlığın bazar infrastrukturunun (sənaye şəhərciyi, biznes-inkubatorlar, biznes-mərkəzlər) formalaşdırılması sahəsində də tədbirlər həyata keçirilir. Belə ki, müvafiq qanunvericilik bazasının yaradılması məqsədilə «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi hazırlanıb və artıq Milli Məclisdə müzakirə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR