Azərbaycan Milli Bankı uçot dərəcəsini 10%-ə endirib

Azərbaycan Milli Bankı uçot dərəcəsini 10%-ə endirib
# 31 oktyabr 2008 07:43 (UTC +04:00)
Həmçinin, faiz dəhlizinin yuxarı həddi 17%-dən 15%-ə, dəhlizin aşağı həddi isə 3%-dən 1%-dək azaldılıb.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari il ərzində valyuta balansının profisiti əhəmiyyətli dərəcədə artıb və ölkənin xarici dövlətlərlə münasibətdə kreditor mövqeyi daha da güclənib. Bu şəraitdə bank sisteminin sabitliyi xarici böhranların təsirindən etibarlı qorunub: «Dünya iqtisadiyyatında isə tənəzzül və deflyasiya meylləri güclənib. Aparıcı ölkələrdə iqtisadi artım zəifləməyə başlayıb, dünya maliyyə sistemində likvidlik böhranı davam edir. Bu şəraitdə mərkəzi banklar maliyyə sabitliyinin qorunması sahəsində təsirli tədbirlər paketini həyata keçirməyə başlayıb».
«Bununla belə bank sistemində maliyyə sabitliyini daha etibarlı qorumaq və xarici risk amillərini qabaqlayıcı rejimdə neytrallaşdırmaq üçün Milli Bank hökumətlə birgə preventiv siyasət tədbirlərini davam etdirir. Bu tədbirlər bank sisteminin xarici iqtisadi böhranlara qarşı davamlılığının daha da güclənməsinə yönəlmiş kompleks prudensial idarəetmə və likvidlik alətlərinin yüksək çevikliyinin təmin olunmasını əhatə edir», - deyə AMB-nin mətbuat xidmətdən bildirilib.
Qeyd edək ki, mərkəzi bank tərəfindən uçot dərəcəsinin azaldılması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənir. Yəni, Azərbaycanda pul-kredit siyasətinin bir qədər yumşaldılması zəruri hesab olunur, bu da onu göstərir ki, bank sistemində problemlər yaranmaqdadır. Banklar tərəfindən istehlak kreditlərini dayandırmasına baxmayaraq, bankların likvidlik problemi yaranıb, bunu da son zamanlar müşahidə olunan həm repo əməliyyatlarının kəskin azalması, həm də mərkəzləşdirilmiş kredit bazarının fəallığının artması təsdiqləyir. Beləliklə, AMB banklar üçün maliyyə vəsaitlərini ucuzlaşdırmaq, ehtiyatların azaldılması siyasətini irəli sürərək bank sistemində likvidlik probleminin aradan qaldırılmasına şərait yaradır.
Bununla yanaşı qeyd olunmalıdır ki, hazırda kommersiya banklarının xarici borcu tarixi maksimuma çatıb (1,6 mlrd. manat), bu da dünya maliyyə böhranı, iri maliyyə qurumlarının müflisləşmə təhlükəsi ilə üzləşməsi baxımından milli bank sistemi üçün ciddi təhlükə yaradır. Qeyd edək ki, bankların xarici borcunun yüksək səviyyədə olması şəraitində bank təşkilatları üçün ehtiyat normalarının ləğv edilməsi qərarı uçot dərəcəsinin azaldılmasından daha faydalı ola bilər. Ümumilikdə, AMB tərəfindən uçot dərəcəsinin aşağı salınmasından sonra mərkəzləşdirilmiş kredit bazarının fəallaşacağını gözləmək olar, əks halda bu addımın əhəmiyyəti olmayacaq və uçot dərəcəsi bank sisteminin sağlamlaşmasında heç bir rolu oynamayan nəzəri göstərici kimi qalacaq.
Xatırladaq ki, oktyabr ayının 14-də AMB uçot dərəcəsinin 15%-dən 12%-dək azaldılmasına dair qərar qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR