Etibar Əliyev: «İnstitusional inkişaf «Texnikabank»ın fəaliyyətinin prioritet istiqamətidir»

Etibar Əliyev: «İnstitusional inkişaf «Texnikabank»ın fəaliyyətinin prioritet istiqamətidir»
# 31 oktyabr 2008 08:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevin «APA-Economics»ə müsahibəsi.

- «Texnikabank»ın Azərbaycanın bank-maliyyə sektorunda hazırkı mövqeyini necə xarakterizə etmək olar?
- «Texnikabank» ASC-nin Azərbaycanın bank xidmətləri bazarına gəlişindən ötən 15 il ərzində fəaliyyəti çox məhsuldar olub. Bu gün «Texnikabank» fiziki və hüquqi şəxslərdən əmanətlərin cəlb edilməsi, qısa və uzunmüddətli kreditlərin ayrılması, köçürmə və hesablaşma-kassa əməliyyatlarının aparılması, bank zəmanətinin verilməsi kimi əməliyyatlar həyata keçirir. Bankın beynəlxalq valyuta bazarında konvertasiya əməliyyatları aparmaq hüququ var və 15-dək sürətli pulköçürmə sisteminə qoşulub. «Texnikabank» ölkədə yeganə bankdır ki, emissiya etdiyi avro istiqrazlar beynəlxalq valyuta birjalarında katirovka olunur. «Texnikabank» eyni zamanda elektron kartlar bazarında aktiv fəaliyyət göstərir. Beynəlxalq Visa Assosiasiyasının və «Mastercard İnternational» ödəmə sisteminin prinsipial üzvü olan bankımız indiyədək müştərilərə 40 662 plastik kart təqdim edib. Bankımız həmçinin Milli Kart Prosesinq Mərkəzinin nizamnamə kapitalında iştirak edir. Ticarət və iaşə obyektlərində POS-terminallarının sayını 327-yə çatdırıb. Bundan başqa, bankın törəmə müəssisəsi olan «Texnikalizinq» MMC 3 ildir ki, bu sahədə uğurla fəaliyyət göstərir. Bankın digər bir törəmə müəssisəsi – «Texnika Kapital Menecment» MMC qiymətli kağızlar bazarında brokerlik fəaliyyəti ilə məşğuldur. Bankın 2006-cı ildə yaradılan «Alfa İnsurance» törəmə müəssisəsi isə sığorta bazarında aktiv fəaliyyət göstərir. «Texnikabank» ötən il «Visa Pos Acquiring» layihəsinə start verib. Layihə «Texnikabank»a ticarət mərkəzlərində quraşdırılan POS-terminallarda beynəlxalq əməliyyatları prosesinq etməyə və başqa banklara bu xidmətlərdən istifadəni təklif etməyə imkan yaradır. Ötən il həmçinin «Cirrus/Maestro Mastercard Standard» və «Master Gold» kartlarının emissiyasına, eləcə də «Visa VSDC İssuinq», «Visa Smart Platinum co-brand» layihələrinin icrasına başlamışıq.
- Bu ilin ötən dövrü «Texnikabank» üçün necə keçib?
- Cari ilin yanvar-sentyabr ayları ərzində bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,35%, cari ilin əvvəli ilə müqayisədə 24,04% artaraq 439 644,353 min manata çatıb. Bankın məcmu kapitalı 57 438,330 min manata yüksəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,20% çoxdur. İlin əvvəlindən təxminən 20 041,911 min manat həcmində xalis mənfəət əldə etmişik. Bizim ciddi önəm verdiyimiz məsələlərdən biri də bankın filial şəbəkəsini daha da genişləndirməkdən ibarətdir. Bu gün 60 minə yaxın hüquqi və fiziki şəxsə xidmət göstərən «Texnikabank» özəl banklar arasında ən geniş filial şəbəkəsinə malikdir.
- «Texnikabank»ın kredit siyasəti barədə məlumat verərdiniz.
- Son beş ildə «Texnikabank»ın kredit portfelində 34 dəfə artım qeydə alınıb. Bank 2007-ci ildə də Azərbaycanda kredit bazarının əsas iştirakçılarından biri olub və kreditləşmə sahəsində yüksək sıçrayışlar qeydə alınıb. Belə ki, bank korporativ və fərdi müştərilərinə il ərzində 263 mln. manat kredit verib. Bu da 2006-cı illə müqayisədə 3,4 dəfə artım deməkdir. Cari ildə isə bankın kredit portfelini 330 mln. manata çatdırmağı planlaşdırmışıq. «Texnikabank»ın kredit siyasətinin əsas istiqamətlərindən biri kredit portfelinin ciddi diversifikasiya olunmasıdır. Verilmiş kreditlərin 72%-i iqtisadiyyatın müxtəlif sahələrində çalışan korporativ müştərilərin, 28%-i isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Biz həmçinin kredit portfelinin sektorlar üzrə geniş diversifikasiyasına da ciddi diqqət yetiririk. Ötən il bankın kredit portfelində ticarət sektoru 19%, xidmət sahəsi 18%, istehsal müəssisələri 18%, tikinti sektoru 12% təşkil edib. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə reallaşdırılan «Şimal», «Şərq» layihələrini, dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi layihələrində iştirak edirik. Gələcəkdə bankın kredit portfelində regional layihələrə ayrılacaq vəsaitlərin həcmini artırmağı planlaşdırırıq.
- «Texnikabank»ın ipoteka proqramlarının icrası necə gedir?
- «Texnikabank» ötən dövrdə ipoteka bazarının şəriksiz liderinə çevrilib. Təkcə ötən il bank tərəfindən ümumilikdə 19,4 mln. manat məbləğində 501 ipoteka krediti verilib. Bu kreditlərdən 217-si (8,7 mln. manat) İpoteka Fondunun vəsaitləri hesabına ödənilib. Biz ipoteka kreditlərinin aktuallığını, bazarda bu növ kreditlərə yüksək tələbat olduğunu nəzərə alaraq 2007-ci ildən öz kredit proqramımızı həyata keçirməyə başlamışıq. Qara Dəniz Ticarət və İnkişaf Bankı ötən ilin sonunda «Texnikabank»a 8 mln. dollar məbləğində ipoteka krediti ayırıb.
- Bankın perspektiv addımları və institusional inkişaf planları nədən ibarətdir?
- İnstitusional inkişaf «Texnikabank»ın cari ildə və gələcək fəaliyyətində prioritet istiqamət kimi nəzərdə tutulur. Bu baxımdan fəaliyyətimizi bütün sahələrində beynəlxalq maliyyə strukturlarının standartlarına uyğunlaşdırırıq. Bankın korporativ idarəetmə standartlarına müvafiq yeni strukturu hazırlanıb. İdarəetmə orqanları arasında dəqiq vəzifə bölgüsü aparılıb. Strateji plan qrupu yaradılıb və bankın 3 illik strateji inkişaf planı təsdiqlənib. Bankın institusional inkişafını səciyyələndirən amillərdən biri də risklərin daha səmərəli idarə edilməsi üçün riskləri idarəetmə komitəsi və eyniadlı departamentin yaradılmasıdır. Müasir texnologiya bankçılığının yaradılması qarşıda duran əsas vəzifələrimizdəndir. Yaxın gələcəkdə bankda T24 yeni proqram təminatının tətbiqinə başlanılacaqdır. «Texnikabank» yeni proqram təminatının alınması üçün İsveçrənin «Temenos Group AG» şirkəti ilə müqavilə bağlayıb. Yeni proqram təminatının implementasiyasını 2009-cu ilin birinci yarısında yekunlaşdırmaq nəzərdə tutulub.
- Bank rəhbəri olaraq necə hesab edirsiniz, dünyada hökm sürən qlobal maliyyə böhranı Azərbaycanın maliyyə-bank strukturlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu sahədə ciddi təhlükələr gözlənilirmi?
- ABŞ-dan başlanan və tez bir zamanda dünyanın ayrı-ayrı ölkələrinə sirayət edən maliyyə böhranına riskli ipoteka kreditləri səbəb olub. Burada, əlbəttə ki, beynəlxalq aləmdə siyasi gərginliyin artması və başqa amillər də az rol oynamayıb. Hazırda Amerikada, Avropa və Asiya ölkələrində qlobal maliyyə böhranına qarşı mübarizəni gücləndirmək üçün əlavə imkanlar axtarılır. Azərbaycanın dünya birjalarında yaşanan böhranın fəsadlarını sığortalamaq və yaxud bu fəsadların təsirini ən zəif həddə endirmək iqtidarında olduğunu söyləmək mümkündür. Azərbaycanın bank-maliyyə sistemi kifayət qədər sabitdir və bu amil respublikamızın beynəlxalq maliyyə böhranının təsirindən qorunmasında mühüm rol oynayır. Milli Bankın davamlı olaraq həyata keçirdiyi çevik monetar siyasət isə ölkədə bank sisteminin sabitliyini daha da möhkəmləndirir. Fikrimcə, Milli Bankın ölkədə maliyyə sabitliyinin qorunması məqsədilə kreditlər üzrə uçot dərəcəsini və faiz dəhlizinin yuxarı həddini aşağı salması lazımi səmərə verəcək. Bank-maliyyə sektorunda gözlənilə bilən hər hansı təhlükənin qarşısını almağa yönəldilən ən mükəmməl addımlardan biri də, heç şübhəsiz ki, yaxın vaxtlardan etibarən kommersiya bankları üçün müəyyən olunmuş məcburi ehtiyat normalarının aşağı salınması olacaq. Kommersiya bankları üçün müəyyən olunan uçot dərəcələrinin aşağı salınması onlara kreditləri əvvəlki səviyyədə sabit saxlamağa imkan verəcək. Yeri gəlmişkən, son vaxtlar guya banklarda kreditləşmənin məhdudlaşdırılması və yaxud dayandırılması barədə dövriyyəyə buraxılan şayiələrin heç bir əsası yoxdur. Sadəcə, indiki dövrdə banklar kreditlərin verilməsi ilə bağlı tələblərini bir qədər sərtləşdiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR