«United Credit Bank» bu il aktivlərini 68% artıracaq

«United Credit Bank» bu il aktivlərini 68% artıracaq
# 31 oktyabr 2008 09:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) 2008-2010-cu illər üçün hazırladığı strateji plana görə, 2008-ci ilin sonunadək bankın aktivlərinin həcmi 40 mln. manata çatacaq. Bu da 2007-ci ilin yekun göstəricisinə nisbətən 68,1% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ilin sonunadək bankın kredit portfeli 64% artaraq 30 mln. manata, depozit portfeli isə təxminən 2 dəfə genişlənərək 16 mln. manata çatacağı proqnozlaşdırılır.
Proqnozlara əsasən, bu il ərzində bankın balans kapitalı 2 dəfə artaraq 27,597 mln. manat, xalis mənfəəti 89,3% artaraq 388 min manat təşkil edəcək. Eyni zamanda, ROA əmsalının (mənfəətin aktivlərə nisbəti) 0,74 bənd artaraq 1,86-ya, ROE əmsalının isə (mənfəətin məcmu kapitala nisbəti) 3 bənd azalaraq 1,5-ə çatacağı gözlənilir.
Qeyd edək ki, 2008-ci ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 33,514 mln. manat, kredit portfeli 22,167 mln. manat, o cümlədən istehlak kreditləri 8,806 mln. manat, depozit portfeli 8,675 mln. manat, məcmu kapitalı 13,428 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında isə bank 173 min manat həcmində mənfəət əldə edib.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» SKB 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Hazırda bakın respublika üzrə 5 filialı, 4 bankomatı və 4 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR