Gələn ilin əvvəlində avro və dolların məzənnələri bərabərləşəcək

Gələn ilin əvvəlində avro və dolların məzənnələri bərabərləşəcək
# 31 oktyabr 2008 10:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, oktyabrın 30-da avronun məzənnəsi 1,2809 dollar təşkil etmişdirsə, bu gün birjalarda ticarət günü açılandan sonra məzənnə 1,2694 dollara qədər enib və bu tendensiya davam edir. Ümumilikdə, cari ilin ortasından avro dollara qarşı 22% ucuzlaşıb.
Analitiklərin fikrincə, bunun əsas səbəbi Avrozonada iqtisadiyyatın geriləməsi və Avropa bank sisteminin cari vəziyyətinin pisləşməsi fonunda investorların fond bazarlarından çıxarılan pulların dollara investisiya etməsi ilə bağlıdır. Eyni zamanda, inkişafda olan ölkələrin böhrana daxil olması Avrozonaya mənfi təsiri daha da gücləndirib, çünki son 10 il ərzində Avropanın bank sistemi inkişafda olan ölkələrə iri həcmdə kreditlər ayırıb. «Morgan Stanley»in hesablamalarına görə, Avrozona və İngiltərə bankları tərəfindən inkişafda olan ölkələrə verilən kreditlərin həcmi Amerika və Yaponiya tərəfindən ayrılmış kreditlərdən təxminən 5 dəfə çoxdur.
Nəticədə, ölkələrin böhran vəziyyətə düşməsi, o cümlədən son üç ay ərzində inkişafda olan ölkələrin səhmlər bazarlarının məcmu indeksinin 60% azalması Avropa banklarının likvidliyini kəskin azaldıb. Avropa banklarının inkişafda olan ölkələrdən bu cür asılılığı Avropa maliyyə sisteminin və dolayısı ilə avronun məzənnəsinə mənfi təsir göstərir.
«BNP Paribas»ın hesablamalarına görə, ən gec 2009-cu ilin əvvəlində avro və dolların məzənnələri bərabərləşəcək, çünki həm inkişafda olan ölkələrdə, həm də Avropada böhranın daha da dərinləşəcəyi gözlənilir.
Aydındır ki, bu proses bilavasitə Azərbaycanda manat/dollar və əsasən manat/avro məzənnələrinə də təsir edəcək. Qeyd edək ki, dünyada avro/dollar məzənnəsinin yüksəlib və enməsi manatın bu valyutalara qarşı məzənnəsinin müəyyənləşməsində dərhal nəzərə alınır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR