Qızılın qiymətinin aylıq ucuzlaşması oktyabrda 25 illik maksimuma çatıb

Qızılın qiymətinin aylıq ucuzlaşması oktyabrda 25 illik maksimuma çatıb
# 03 noyabr 2008 13:23 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, oktyabrın 31-də qızılın 1 unsiyasının (31,1 qram) qiyməti 718,2 dollar səviyyəsində müəyyənləşdirilib və aylıq ucuzlaşma 18% təşkil edib. Eyni zamanda, Azərbaycan Milli Bankı tərəfindən müəyyən edilən qızılın məzənnəsi 1 unsiya üçün 591 manat təşkil edib, oktyabr ayında azalma isə 16%-ə bərabər olub.
Xatırladaq ki, bu ilin sentyabr ayında dünya bazarında qızılın birja qiyməti 900 dollar həddini üstələyib və mart ayında olduğu kimi tarixi maksimuma çatıb. Bu yüksəliş birbaşa dünya maliyyə böhranı ilə bağlı olub. Belə ki, təlaşa düşən investorlar öz vəsaitlərini fond bazarlarından, o cümlədən ABŞ, Avropa və Asiya bazarlarından çıxararaq, pullarını 100% likvidliyə malik olan aktivlərə yönəldiblər. Nəticədə, qızıla tələbat və onun qiyməti artıb.
Qızılın hazırkı ucuzlaşmasının isə iki əsas səbəbi var. Bunlardan biri fond bazarlarında sağlamlaşma tendensiyaları, digəri isə əksinə, şirkətlərin böhranla üzləşməsi ilə bağlıdır. Belə ki, investorlar sentyabrda aldıqları qızıl ehtiyatlarını yenidən sataraq fond bazarlarına qayıdırlar. Digər tərəfdən isə, şirkətlər, o cümlədən banklar və maliyyə qurumları maliyyə böhranı nəticəsində kəskinləşən öhdəliklərini ödəmək məqsədi ilə öz qızıl ehtiyatlarını satmağa başlayıb. Nəticədə, hazırda bazarda qızılın ucuzlaşması tendensiyası davam etməkdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR