Azərbaycan dövlət büdcəsinin gəlirləri yanvar-sentyabr aylarında 71% artıb

Azərbaycan dövlət büdcəsinin gəlirləri yanvar-sentyabr aylarında 71% artıb
# 04 noyabr 2008 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan dövlət büdcəsinin mədaxili 7 506,6 mln. manat təşkil edib. Nəticədə, büdcə gəlirləri üzrə 7,421 mlrd. manatlıq proqnoz faktiki olaraq 101,2% səviyyəsində icra olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 71,3% artıb.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, büdcə daxilolmalarının 57,9%-i (4 346,5 mln. manat) Vergilər Nazirliyi, 11,2%-i (845,5 mln. manat) Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib, 29,2%-i (2,19 mlrd. manat) Dövlət Neft Fondundan, 1,2%-i (88,4 mln. manat) dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmalarından, 0,5%-i (36,2 mln. manat) isə digər mənbələrdən daxil olub.
Vergilər Nazirliyi tərəfindən proqnoza 107,4% əməl olunmaqla büdcəyə nəzərdə tutulduğundan 298,9 mln. manat, 2007-ci ilin eyni dövrü ilə müqayisədə isə 1 104,9 mln. manat və ya 34,1% çox vəsait təmin edilib.
Dövlət Gömrük Komitəsi proqnoza 100,4% əməl edərək büdcəyə 845,5 mln. manat vəsait təmin edib ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 270,6 mln. manat və ya 47,1% çoxdur.
Dövlət Neft Fondundan büdcəyə ötən ilin eyni dövrünə nisbətən 1,7 mlrd. manat çox və yaxud 2,19 mlrd. manat vəsait daxil olub.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları üzrə büdcəyə 88,4 mln. manat vəsait daxil olub ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,9 mln. manat və ya 32,9% çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında sair gəlirlərdən büdcəyə 32,3 mln. manat vəsait daxil olub ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 2,8 mln. manat və ya 9,5% çoxdur.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı olaraq büdcəyə 3,9 mln. manat və ya proqnozla nəzərdə tutulduğundan 50% çox vəsait təmin edilib.
Maliyyə Nazirliyindən həmçinin bildirilib ki, bu ilin ilk 9 ayında dövlət büdcəsinin xərcləri 7 876,6 mln. manat proqnoza qarşı 6 719,2 mln. manat və ya 85,3% icra edilsə də, bu göstərici 2007-ci ilin eyni dövrü ilə müqayisədə 2 733,3 mln. manat və ya 68,6% artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2008-ci ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyətlə bağlı digər xərclərə 12,9 dəfə və ya 122,4 mln. manat çox, sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 2,3 dəfə (1 674,7 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 87,9% (47,2 mln. manat), əsas bölmələrə aid edilməyən xərclərə 86,3% (132,1 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 44,5% (27,9 mln. manat), ümumi dövlət xidmətləri xərclərinə 43,3% (139,1 mln. manat), səhiyyə xərclərinə 37,7% (56,1 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 35,3% (85,5 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 34,4% (157,9 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 30,3% (46,3 mln. manat), müdafiə xərclərinə 24% (130,6 mln. manat), təhsil xərclərinə 21,9% (107,9 mln. manat), nəqliyyat və rabitə xərclərinə 10,9% (5,6 mln. manat) çox vəsait yönəldilib.
Qeyd edək ki, 2008-ci ilin ilk doqquz ayında dövlət büdcəsinin icrasında 787,4 mln. manat həcmində profisit yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR