«Bank Standard»ın keçirdiyi «Bəxtiniz qızıl olsun» aksiyasının üçüncü qalibi müəyyənləşdirilib

«Bank Standard»ın keçirdiyi «Bəxtiniz qızıl olsun» aksiyasının üçüncü qalibi müəyyənləşdirilib
# 04 noyabr 2008 12:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) «Bəxtiniz qızıl olsun» aksiyasının üçüncü mərhələsinə yekun vurub.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiyanın üçüncü mərhələsinin qalibi K.Ə.Şükürov elan edilib. Tirajın nəticələrinə görə o, çəkisi 250 qram olan 999,9 əyarlı qızıl külçəyə sahib olub.
Qeyd edək ki, «Bəxtiniz qızıl olsun» aksiyasının sonuncu tirajı 2009-cu il yanvarın 10-da keçiriləcək. Dördüncü tirajda əmanətçilər arasında Bakı şəhərində mənzil oynanılacaq.
Aksiyada bankın bir il və ya daha uzun müddətə yerləşdirilmiş «Standart», «Uşaq» və ya «VIP» tipli müddətli depozitlərin bütün sahibləri iştirak edir. Şərtlərə görə, əmanətin hər 1000 şərti vahidi (AZN, dollar və avro) sahibinə tirajda 1 lotereya şansı verir. Eyni zamanda, aksiyanın bir çox iştirakçıları imtiyazlı lotlar da əldə edəcək. Bu lotlar depozit müqaviləsinin imzalandığı tarixdən keçən hər tamam ilə və əvvəlki tirajlarda iştiraka görə əlavə edilir.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit portfeli 441,570 mln. manat, depozit portfeli 173,036 mln. manat, məcmu kapitalı 85,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR