Yaponiyanın “Bank for İnternational Cooperation” bankının nümayəndələri Gəncədə səfərdə olublar

Yaponiyanın “Bank for İnternational Cooperation” bankının nümayəndələri Gəncədə səfərdə olublar
# 09 iyun 2008 11:17 (UTC +04:00)
Gəncə. Nəzakət Ağayeva - APA. Yaponiyanın “Bank for İnternational Cooperation” bankının nümayəndələri Gəncədə səfərdə olublar. APA-nın Qərb bürosunun məlumatına görə, nümayəndə heyəti əsasən bölgədə fermer təsərrüfatı sektorunun inkişafı ilə maraqlanıblar. Qonaqlar Azərbaycanda bu sahənin daha geniş inkişaf etdirilməsi və Yaponiya ilə Azərbaycanın bu sahədə əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Əldə olunan razılaşmaya əsasən, aqrar sahəyə dair ixtisaslar üzrə təhsil alan bir neçə nəfərin Yaponiyaya təcrübə keçməyə göndərilməsi nəzərdə tutulub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında görüşlər keçirən nümayəndə heyəti bölgənin aqrar potensialı barədə müzakirələr aparıblar. Qonaqlara AKTA-da mütəxəssis hazırlığının səviyyəsi, elmi işlər, nailiyyətlər və təhsil ocağının texniki bazası barədə məlumat verilib. Nümayəndə heyətinin respublikanın başqa bölgələrinə də səfərləri nəzərdə tutulur. Səfərin nəticələri tam müzakirə olunduqdan sonra Yaponiya hökuməti Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni layihənin icrasına başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR