2023-cü il üçün xərclər üzrə siyasətin əsas istiqamətləri açıqlanıb

2023-cü il üçün xərclər üzrə siyasətin əsas istiqamətləri açıqlanıb
# 16 sentyabr 2022 12:12 (UTC +04:00)

2023-cü il üçün xərclər üzrə siyasətin əsas istiqamətləri açıqlanıb.

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Qeyd edilib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bu prioritetlərə söykənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin mövcud reallıqlar və çağırışlar nəzərə alınmaqla, 2023-cü il üzrə xərc siyasəti aşağıdakı istiqamətləri önə çəkir:

- İşğaldan azad edilmiş ərazilər üzrə bərpa və yenidənqurma işlərinin, böyük qayıdış planının təmin edilməsi, ərazilərdə müasir infrastrukturların, o cümlədən hərbi infrastrukturların tikintisi;

- Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi;

- Əməyin ödənişi, sosial müdafiə və sosial təminat üzrə islahatların davam etdirilməsi,

- İnflyasiya təzyiqi nəzərə alınmaqla sosial dəstək tədbirlərinin həyata keçirilməsi;

- Səhiyyə xərclərinin, o cümlədən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması, səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin, yoluxucu xəstəliklərin, o cümlədən COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizə və profilaktik tədbirlərin maliyyə təminatı;

- Təhsil xərclərinin, o cümlədən dövlət sifarişi ilə ali təhsil alanların, təqaüd kvotasının artırılmasının və tələbə kreditinin maliyyə təminatı, təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan təlabatın qarşılanması;

- Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin, prioritet şəkildə buğda istehsalının inkişaf etdirilməsi üçün maliyyə dəstəyi və subsidiyaların ayrılmasının artırılması;

- Ölkənin tranzit potensialının daha dolğun istifadəsi, Transxəzər dəhlizi üzrə daşınmaların nəqliyyat logistika infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin dəstəklənməsi;

- Əməyin ödənişi, sosial müavinət, təqaüd və pensiyalar, dövlət borcuna xidmətlə bağlı xərclərin (büdcə qanunvericiliyinə əsasən müdafiə olunan xərclər) prioritet maliyyə təminatı;

- Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı;

- Dövlət büdcəsindən iqtisadiyyata dövlət öhdəliklərinin, o cümlədən dövlət sifarişi üzrə öhdəliklərin qarşılanması, həmçinin subsidiya, subvensiya, dotasiya və qrant formasında maliyyə dəstəyinin davam etdirilməsi;

- Bir sıra zəruri məhsul və xidmətlərin qiymət artımının (inflyasiyanın) sosial təyinatlı tədbirlərə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara təsirinin qarşılanması.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR