ABŞ Dövlət Departamenti: Azərbaycanda investisiya mühiti inkişaf edir

ABŞ Dövlət Departamenti: Azərbaycanda investisiya mühiti inkişaf edir
# 29 iyul 2022 10:50 (UTC +04:00)

Azərbaycanda ümumi investisiya mühiti inkişaf etməkdə davam edir, lakin bəzi önəmli çağırışlar qalmaqdadır.

APA-Economics” xəbər verir ki, ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi “2022 İnvestisiya Hesabatları: Azərbaycan” adlı sənəddə belə qeyd olunub.

Bildirilib ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlarla və özəl sektora əsaslanan iqtisadi böyüməni təşviq etməklə ölkəyə xarici investisiyanın cəlb edilməsinə çalışır.

Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı 4,3% kiçildiyi 2020-ci ildən fərqli olaraq 2021-ci ildə 5,6% böyüyüb.

Əlavə olunub ki, iqtisadiyyatın pandemiyadan sağalması dövründə neft və qaz sektoru 1,7%, qeyri-neft sektoru isə 7,2% böyüyüb. Neft və qaz sektoru xarici investisiyada ən böyük paya sahib olduğu bir vaxtda Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün 4 qeyri-neft sektoruna hədəflənib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat-logistika.

Vurğulanıb ki, biznes mühitinin inkişaf etdirilməsi məqsədilə son illərdə həyata keçirilən tədbirlər və iqtisadiyyatdakı ümumi islahatlara lazımsız biznes lisenziyası kateqoriyalarının aradan qaldırılması, populyar olan "ASAN xidmət"in lisenziyalaşdırma səlahiyyətlərinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, müəyyən biznes təftişlərinin dayandırılması və vergi sistemində reformlar daxildir.

Sənəddə qeyd olunub ki, 2021-ci ildə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda dövlət büdcəsindən 800.8 milyon manat (471 milyon dollar) ayrılaraq vaksinlərin alınmasına, səhiyyə işçilərinə bonusların ödənilməsinə və modul tipli xəstəxanaların fəaliyyət göstərməsinin dəstəklənməsinə sərf edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR