AİH ötən il dünyada yaradılan ən mühüm suveren sərvət fondu olub - SWF

AİH ötən il dünyada yaradılan ən mühüm suveren sərvət fondu olub - SWF
# 03 yanvar 2022 15:10 (UTC +04:00)

Dünyanın suveren sərvət və ictimai pensiya fondlarına məxsus aktivlərin həcmi ötən il rekord həddə - 31,9 trln. dollara çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə SWF-in (Suveren Fondlar İnstitutu) yenilənmiş illik "Dövlət İnvestorları 3.0" adlı hesabatında deyilir. Təkcə suveren sərvət fondlarının aktivləri ötən il ərzində 6% artaraq 10,5 trln. dollara, ictimai pensiya fondlarının aktivləri isə 9% artaraq 21,4 trln. dollara bərabər olub.

Hesabatda qeyd edilir ki, ötən il dünyada yaradılmış ən mühüm suveren sərvət fondu SOCAR-ın və digər dövlət şirkətlərinin və müəssisələrinin idarəetməsinə verildiyi Azərbaycan İnvestisiya Holdinqi (AİH) olub.

SWF tərəfindən hazırlanmış və 100 fondu əhatə edən renkinqdə suveren sərvət fondlarının arasında ən iri həcmli aktivlərə Norveç Dövlət Pensiya Fondu (1,332 trln. dollar), Çin İnvestisiya Korporasiyası (1,222 trln. dollar) və Əbu-Dabi İnvestisiya İdarəsi (829 mlrd. dollar) malikdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu 44 mlrd. dollar ilə 31-ci sırada qərarlaşıb. AİH-in aktivlərinin həcmi isə 22 mlrd. dollar səviyyəsində qiymətləndirilir və holdinq 44-cü sırada yer alıb.

Xatırladaq ki, AİH onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR