AMB faiz dəhlizi parametrlərinə dair qərarlarını şərtləndirəcək amilləri açıqlayıb

AMB faiz dəhlizi parametrlərinə dair qərarlarını şərtləndirəcək amilləri açıqlayıb
# 30 dekabr 2021 09:55 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ildə faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili xərc amillərinin inflyasiyaya transmissiyası, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.

"APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin 2022-ci il üçub pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə həsr olunmuş bəyanatında deyilir. Qərarların verilməsində kontr-tsiklik pul siyasətinin həyata keçirilməsi prinsipi əsas götürüləcək.

Qeyd edilir ki, AMB pul siyasəti qərarlarının verilməsi zamanı transmissiya mexanizmindəki fasilələri və xüsusiyyətləri də nəzərə alacaq: "Pul siyasəti ilə bağlı qərarların real iqtisadi dəyişənlərə (məcmu tələb, istehsal, inflyasiya) təsiri arasındakı zaman fasiləsi ("lag" - laq) bir neçə rüb çəkə bilir. İqtisadiyyatda struktur dəyişikliyi ilə bağlı qeyri-müəyyənliklər şəraitində təsir fasiləsi bir qədər də uzana bilər" bəyanatda bildirilir.

2022-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla 28 yanvar, 18 mart, 29 aprel, 17 iyun, 29 iyul, 16 sentyabr, 28 oktyabr və 16 dekabr tarixlərində veriləcək. Qeyd olunan tarixlərdən 28 yanvar, 29 aprel, 29 iyul və 28 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq.

Xatırladaq ki, AMB 17 dekabr bu ilin sonuncu qərarında uçot dərəcəsi 7%-dən 7,25%-ə, faiz dəhlizinin aşağı həddi 6%-də saxlayıb , faiz dəhlizinin yuxarı həddini isə 8%-dən 8,25%-ə yüksəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR