Anvita Basu: "Aİ-nin enerji tərəfdaşına çevrilməsi Azərbaycana investisiya qoyuluşunu artıracaq" - MÜSAHİBƏ

Anvita Basu

© APA | Anvita Basu

# 31 oktyabr 2022 13:20 (UTC +04:00)

Qlobal geosiyasi və geoiqtisadi proseslərin Azərbaycana təsiri ilə bağlı “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Avropa ölkələri riskləri üzrə rəhbəri Anvita Basu “APA-Economics”in suallarını cavablandırıb:

- Əsas sualımız Ukrayna müharibəsinin Cənubi Qafqaz regionuna, xüsusən də Azərbaycana təsiri ilə bağlıdır. Müharibənin iqtisadi nəticələri Azərbaycan üçün necə ola bilər? “Fitch Solutions” makro iqtisadi proqnozlarında hansısa korrektələr edəcəkmi?

- Azərbaycanda iqtisadi artım üzrə proqnozumuz 2022-ci ildə 5,1% müəyyən edilib. Bu da 2021-ci ilə nisbətən bir az aşağıdır. Yəni, 2021-ci ildə bu göstərici 5,6% proqnozlaşdırılmışdı. Yüksək enerji qiymətləri və ölkə daxilində hələ də müsbət real əmək haqqı artımı Azərbaycan iqtisadiyyatını dəstəkləyib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin ilk səkkiz ayında iqtisadiyyat 5,8% artıb ki, bu da faktiki olaraq 2021-ci ilin eyni dövründə qeydə alınan 3,6%-dən daha çoxdur. Yüksək enerji qiymətləri fonunda neft və qaz sektorunun ümumdaxili məhsulda (ÜDM) payı 50,0%-dən çox olub. Eyni zamanda sektorun məhsuldarlığı 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 48% artıb. Neft sektorunun güclü performansı, həmçinin, 2022-ci ilin avqust ayına kimi qeyr-neft sektorunun 10,2% artmasına təsir edib.

- Neft qiymətlərində dəyişiklik iqtisadiyyata nə dərəcədə təsir edə bilər?

- Azərbaycan iqtisadiyyatının qarşıdakı aylarda möhkəm qalacağını gözləsək də, qlobal neft qiymətlərində gözlənilən enişlər səbəbindən artım sürəti qismən azala bilər. Neft və qaz üzrə komandamız 2023-cü ildə neft qiymətlərinin 105 USD/bareldən orta hesabla 100 USD/barelə kimi azalacağını gözləyir. Bununla belə, avrozonada iqtisadi tənəzzül (2023-cü ildə 0,3% kiçilmə nəzərdə tutulur) və ABŞ iqtisadiyyatı üçün eyni dərəcədə optimist olmayan proqnozumuzu (2023-cü ildə 0,90% artım) nəzərə alsaq, neft qiymətləri daha da düşə bilər.

Beləliklə, biz Azərbaycan üçün 2023-cü ildə iqtisadi artım tempinin yavaşlayacağını və 3,5% civarında olacağını proqnozlaşdırmışıq.

- Bilirsiniz ki, Azərbaycanı Avropa İttifaqının əsas enerji tərəfdaşlarından biridir. Sizcə, Rusiya-Ukrayna müharibəsinin yaratdığı vəziyyət Aİ-Azərbaycan siyasi və iqtisadi münasibətlərinə necə təsir edəcək?

- Ortamüddətli perspektivdə ölkə Avropanın enerji təchizatının əsas mənbəyinə çevrildiyi üçün Azərbaycana investisiya qoyuluşunun artacağı gözlənilir. 2022-ci ilin iyulunda Azərbaycan Aİ ilə Avropaya qaz ixracını 2027-ci ilə qədər ikiqat artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq barədə saziş imzalayıb. Bizim neft və qaz üzrə komandamız sazişin COVID-19 pandemiyası ilə əlaqədar durğunluq yaranan “Şahdəniz 2” layihəsi də daxil olmaqla layihələrin davamlı şəkildə genişlənəcəyini gözləyir. Bura, həmçinin, Ümid-Babək, AÇG Dərin Qaz və Şəfəq-Asiman da daxildir. Bundan əlavə, kəşfiyyat və yekun investisiya qərarının hazırlanması mərhələsində olan layihələrin, o cümlədən Total Energies Abşeron layihəsinin hazırda təxirə salınmış birinci fazasında işlərin başlayacağını gözləyirik.

Bu, nəticədə COVID-19 pandemiyası zamanı ciddi azalmaya təsir edən əsas kapitalın artımını dəstəkləyəcək. Bununla belə, neft-qaz sektorunda artım sadəcə olaraq o deməkdir ki, Azərbaycan əmtəə sektorundan ciddi asılı olaraq qalacaq, beləliklə də, qlobal bazarda qeyri-sabit qiymət dəyişmələrinə bağlı olacaq. Aİ-nin Azərbaycan neftindən asılılığı, çox güman ki, Azərbaycanın Ermənistana qarşı iddialı siyasəti üçün onu daha az tənqidi yanaşma sərgiləməyə sövq edəcək.

- Azərbaycan və Ermənistan arasında sülh sazişi, nəqliyyat və iqtisadi əlaqələrin bərpası, o cümlədən Zəngəzur dəhlizi məsələsinin həlli ilə bağlı gözləntiləriniz nədir?

- Fikrimizcə, Azərbaycan-Ermənistan məsələsi mürəkkəb olaraq qalacaq. Aİ vasitəçiliyi və sərhədlər boyunca Aİ-nin başçılıq etdiyi mülki missiyaya ev sahibliyi etmək razılaşması müsbətdir, lakin sülh razılaşmasının özünü əldə etmək çətin ola bilər. Bizim vurğuladığımız bir məsələ ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağdakı iddialarından faktiki olaraq imtina etməklə bağlı razılaşmaya həvəsli görünmür. Həqiqətən də Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi imzalayacağı təqdirdə parlamentdə etimadsızlıq nümayişi ilə hədələnib. Qarabağın gələcəyi ilə bağlı bu qədər qeyri-müəyyənliyi nəzərə alsaq, nəsə nizamlanmalı olsa belə, əlaqələrin normallaşması və iqtisadi münasibətlərin yaxşılaşdırılması çətin görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR