ASK islam bankçılığında qanunvericiliklə bağlı təkliflər hazırlayıb

ASK islam bankçılığında qanunvericiliklə bağlı təkliflər hazırlayıb
# 18 fevral 2022 13:00 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ölkədə islam bankçılığı sahəsində qanunvericiliyin formalaşdırılması üzrə təkliflər hazırlayıb.

Bunu "APA-Economics"ə ASK-ın İdarə Heyətinin sədrinin müavini Vüqar Zeynalov deyib.

Onun sözlərinə görə, ölkədə hazırda maliyyə alətlərinin çeşidi hələ də azdır və kifayət qədər inkişaf etməyib.

"Maliyyə alətlərinin inkişaf etdirilməsində TÜRKPA-nın rolunu islam maliyyəsinin inkişafında görürəm. İslam maliyyəsi çox vacib alətdir ki, bizim bir çox inanclı insanlarımız iqtisadiyyatdan kənarda qalır. Həmin inanclı insanlar banklara getmir. Bunlar iqtisadiyyatın əhəmiyyətli bir hissəsi olan inanclı adamlardır. Onların maliyyəsini biz iqtisadiyyatda istifadə edə bilmirik. Düşünürəm ki, TÜRKPA-nın islam maliyyəsi təcrübəsinin tətbiqi Parlament Assambleyasının üzv ölkələrində sürətləndirilsə və yaxud müvafiq qanunvericilik yaradılsa, biz onu tezliklə Azərbaycanda tətbiq edə bilərik", - deyə V. Zeynalov qeyd edib.

O həmçinin əlavə edib ki, bu gün ən öndə olan məsələlərdən biri maliyyə əlçatanlığının genişləndirilməsidir, bu, təkcə maliyyənin həddinin artırılması ilə bitmir.

"Bu, eyni zamanda maliyyə alətlərinin, məsələn, lizinq, faktorinq, subsidiya və s. çeşidinin artırılmasından irəli gəlir. Bu çeşidlərin artırılmasında islam bankçılığı əlavə bir alətdir. İslam bankçılığının özündə də ən azı 4 alət var ki, bu alətlər kifayət qədər əlçatandır. Biz sadəcə olaraq Azərbaycanda həmin islam bankçılığının inkişafını nəzərdə tuturuq. Burada qanunvericilikdə dəyişikliklər olmalıdır. Bu dəyişikliklər olandan sonra islam bankları Azərbaycana gəlməlidir. Hazırda bir bank artıq ölkədə fəaliyyət göstərir. Qanunvericiliyin üzərində hazırda işlər aparılır və biz öz təkliflərimizi təqdim etmişik", - deyə V. Zeynalov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR