Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana gəlir - YENİLƏNİB

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana gəlir - YENİLƏNİB
# 08 sentyabr 2022 17:46 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Renaud-Basso əvvəlcə Azərbaycana, daha sonra Gürcüstana, sonda isə Ermənistana olmaqla sentyabrın 12-dən 16-dək Qafqaza səfər edəcək.

Bu barədə "APA-Economics"ə AYİB-dən məlumat verilib. Bildirilib ki, bu, prezident Renaud-Bassonun 2020-ci ilin sonunda bu vəzifəyə başladıqdan sonra regiona ilk şəxsi səfəridir. Səfər 2021-ci ildə baş tutmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən qoyulan səyahət məhdudiyyətləri bu səfərin təxirə salınması ilə nəticələndi.

AYİB prezidenti yola düşməzdən əvvəl Azərbaycan, Gürcüstan və Ermənistandan olan müxtəlif vətəndaş cəmiyyəti nümayəndələri ilə virtual görüşlər keçirib.

Xanım Renaud-Basso deyib: “Mən Bankın 30 illik fəaliyyəti ərzində təqdirəlayiq nəticələr əldə etdiyi Qafqaza səfər etməyi səbirsizliklə gözləyirəm.

“Ölçüsünə baxmayaraq region bizim üçün mühüm investisiya məkanı olaraq qalır və biz bu bölgəyə artıq 10 milyard avrodan çox sərmayə qoymuşuq.

“Səfərim zamanı mən Qafqaza və onun yaşıl keçid proqramına, eləcə də nəqliyyat əlaqəsinin, dayanıqlı infrastrukturun təkmilləşdirilməsinə və siyasi dialoqa tam dəstəyimizi bir daha bəyan edəcəyəm.

“Həmçinin özəl sektora, o cümlədən kiçik və orta sahibkarlığa gələcək dəstəyi müzakirə etmək üçün tərəfdaş maliyyə institutlarımızla görüşlərim olacaq”.

Xanım Renaud-Basso əvvəlcə Bakıya səfər edərək orada Azərbaycanın siyasi rəhbərliyi ilə görüşəcək. O, həmçinin diplomatlar, biznes ictimaiyyətinin liderləri və Bankın mövcud tərəfdaşları ilə görüşəcək.

AYİB prezidenti Bankın Azərbaycanda həyata keçirdiyi ikinci “Yaşıl şəhər” layihəsinə dair müqavilə imzalayacaq, ölkənin telekommunikasiya, media və texnologiya (TMT) sektorunun inkişafına xidmət göstərən investisiyaların təşviqi milli agentliyi –AZPROMO ilə birgə layihəyə start verəcək.

AYİB prezidenti Tbilisidə Gürcüstanın siyasi rəhbərliyi ilə yüksəksəviyyəli görüşlər keçirəcək. Onun, həmçinin diplomatlar, beynəlxalq maliyyə institutlarının regional rəhbərləri, biznes assosiasiyalarının rəhbərləri və özəl sektordan mövcud biznes tərəfdaşları, o cümlədən yerli banklarla görüşü nəzərdə tutulur.

Xanım Renaud-Basso maliyyə və səhiyyə sektorlarında uzunmüddətli tərəfdaşlarla kredit müqavilələri də imzalayacaq.

Onun səfəri AYİB-in ölkədə fəaliyyətə başlamasının 30-cu ildönümünə təsadüf edir. Bank indiyədək 270 layihəyə 5 milyard avro sərmayə qoyub.

AYİB prezidenti öz səfərini İrəvanda yekunlaşdıracaq və burada Ermənistanın siyasi rəhbərliyi ilə görüşəcək. Səfər çərçivəsində diplomatik ictimaiyyətin nümayəndələri və beynəlxalq inkişaf tərəfdaşları ilə görüşlər keçiriləcək. Xanım Renaud-Basso həmçinin mərkəzi bankda olacaq və yerli tərəfdaş bankların baş icraçı direktorları ilə dəyirmi masa müzakirələrində iştirak edəcək.

Prezident Renaud-Basso həmçinin Yaradıcı Texnologiyalar Mərkəzinə (TUMO) baş çəkəcək, burada Ermənistanın yüksək texnologiya sektorunun rəhbərləri ilə görüşəcək, həmçinin AYİB tərəfindən dəstəklənən Ermənistan İnvestisiya Şurasının 15 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edəcək.

1992-ci ildə Qafqazda fəaliyyətə başladığı vaxtdan AYİB regionun maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 652 layihəyə 10,64 milyard avrodan çox sərmayə qoyub və bu investisiyaların böyük hissəsi özəl sektorun payına düşür.

***

10:29

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) prezidenti Odil Reno-Basso sentyabrın 12-16-ı aralığında Azərbaycana səfər edəcək.

"APA-Economics" xəbər verir ki, AYİB prezidenti Azərbaycanda Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və digər aidiyyatı dövlət qurumlarında görüşlər keçirəcək. Məlumata görə, səfər zamanı əsas diqqət Azərbaycanın ərzaq təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları və enerji sahəsində mühüm roluna yönəldiləcək.

Qeyd edək ki, AYİB indiyədək Azərbaycana 181 layihə çərçivəsində 3,6 mlrd. avrodan çox yatırım edib. Portfelin 89%-ni dayanıqlı infrastruktura yatırımlar, 8%-ni sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni maliyyə institutlarına yatırımlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR