Azad olunmuş ərazilərin bərpası layihələrinin maliyyələşdirilmə göstəriciləri açıqlanıb

# 21 may 2022 16:15 (UTC +04:00)

Hesabat ilində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait tam maliyyələşdirilmiş, icra səviyyəsi isə 99,0% təşkil edib.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Rəydə bildirilib ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2200,0 mln. manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2178,4 mln. manat təşkil etmişdir ki, bu da təsdiq edilmiş göstəricinin 99,0%-nə bərabərdir.

Təsdiq edilmiş məbləğin 2199,0 mln. manatı 18 təşkilat üzrə bölüşdürülmüş, 1,0 mln. manatı ehtiyat vəsait kimi saxlanılıb.

Təşkilatlar üzrə təsdiq edilmiş məbləğə qarşı maliyyələşdirmə faizi aşağıdakı kimi olmuşdur:

-13 təşkilat üzrə 100%;

-3 təşkilat (Təhsil Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı

Nazirliyi) üzrə 91%-98%;

-1 təşkilat (Dövlət Turizm Agentliyi) üzrə 68%;

-1 təşkilat (Mədəniyyət Nazirliyi) üzrə 42%.

İcra edilmiş məbləğin 73,0%-i Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, 12,0%-i “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, 4,5%-i Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, 3,1%-i Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 2,9%-i Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, 3,5%-i isə digər təşkilatların payına düşüb.

Sifarişçi təşkilatlara ayrılmış 2199,0 mln. manat 71 layihə üzrə bölüşdürülmüşdür.

Layihələr üzrə təsdiq edilmiş məbləğə qarşı maliyyələşdirmə faizi aşağıdakı kimi olmuşdur:

-50 layihə üzrə 100,0%;

-4 layihə üzrə 94,0%-98,0%;

-6 layihə üzrə 40,0%-81,0%;

-11 layihə üzrə 0%.

Qeyd edək ki, maliyyələşmə açılmayan 11 layihədən 1-i Kənd Təsərrüfatı Nazirliyi, 10-u isə Mədəniyyət Nazirliyi üzrə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR