"Azərbaycan Sənaye Sığorta" ötən ili 2,5 milyon manat zərərlə başa vurub - Hesabat

"Azərbaycan Sənaye Sığorta" ötən ili 2,5 milyon manat zərərlə başa vurub - Hesabat
# 28 mart 2023 09:41 (UTC +04:00)

"Azərbaycan Sənaye Sığorta" şirkəti ötən il mənfəətdən zərərə keçib. Sığorta şirkəti 2022-ci ili 2,5 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2021-ci ildə 1,9 milyon manat xalis mənfəət açıqlamışdı.

"APA-Economics" bu barədə sığorta şirkətinin 2022-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il "Azərbaycan Sənaye Sığorta"nın əsas əməliyyat gəlirləri 14,8 milyon manat (2021-ci ilə nisbətən 18,4% çox), birbaşa toplanan sığorta haqqları 14,5 milyon manat (20,8% çox) təşkil edib. Sığorta şirkəti xalis sığorta ehtiyatlarını 10,8 dəfə artıraraq 6 milyon manata çatdırıb.

Bu dövrdə sığorta şirkətinin investisiya gəlirləri 8% artaraq 940,1 min manata, subroqasiya gəlirləri 43,6% artaraq 135,9 min manata yüksəlib, sair gəlirləri isə 36,4% azalaraq 194,1 min manata enib. "Azərbaycan Sənaye Sığorta" cəmi gəlirləri isə 10,1 milyon manat təşkil edib ki, bu da 2021-ci ilə nisbətən 24% azdır.

Hesabat dövründə sığorta şirkətinin əsas əməliyyat xərcləri 5,5% artaraq 7,6 milyon manata, o cümlədən sığorta ödənişləri 13,9% artaraq 4,9 milyon manata, təkrarsığortaya verilmiş sığorta haqqları üzrə xərclər 14,3% azalaraq 2,4 milyon manata, işləri aparılması xərcləri 40% artaraq 4,9 milyon manata bərabər olub. "Azərbaycan Sənaye Sığorta" cəmi xərcləri isə 12,5 milyon manat olub ki, bu da 2021-ci ilə nisbətən 15,7% çoxdur. Başqa sözlə, sığorta şirkətinin cəmi xərcləri cəmi gəlirlərini üstələdiyindən şirkətin maliyyə zərəri 2,5 milyon manata çatıb. 2021-ci ildə isə sığorta şirkəti eyni həcmdə maliyyə mənfəəti əldə etmişdi. Sığorta şirkətinin bu dövrdə mənfəət vergisi ödəməsi olmadığı üçün xalis zərəri də 2,5 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 2,1 dəfə artaraq 42,520 milyon manata çatıb. Sığorta şirkətinin 2,5 milyonluq xalis zərəri cəmi kapitalını 53% azalaraq 8,532 milyon manata endirib. Sığorta şirkəti həmçinin cəmi öhdəliklərini 4,4 dəfə artıraraq 33,987 milyon manata çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR