Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümü qeyd olunur - FOTO

Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümü qeyd olunur  - FOTO
# 14 sentyabr 2022 16:47 (UTC +04:00)

Bu il Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümüdür.

"APA-Economics" xəbər verir ki, bu münasibətlə Bakıda Azərbaycan Hökuməti və Dünya Bankının tərəfdaşları, özəl sektor, akademik dairələr ilə birlikdə “Azərbaycan: Dəyişən Qlobal İqtisadiyyatda artım perspektivləri” adlı forum təşkil olunub. İştirakçılar yaranmaqda olan qlobal iqtisadi meylləri və onların Azərbaycanın iqtisadi artıma təkan verməsi perspektivlərini müzakirə ediblər.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov forum iştirakçılarını salamlayaraq Dünya Bankının Azərbaycandakı fəaliyyətindən danışıb. Bildirib ki, Dünya Bankının Azərbaycana dəstəyi dövlət sektoru, maliyyə və özəl sektorun inkişafı, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, enerji, sosial müdafiə, təhsil və səhiyyə, nəqliyyat və bağlantılar və s. kimi bir çox sektorları əhatə edib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Anna Bjerde çıxış edərək bildirib ki, Azərbaycan xalqının həyatını daha da yaxşılaşdırmaq üçün Azərbaycanla tərəfdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik: "Qlobal və regional miqyasda rəqabətədavamlı olmaq üçün Azərbaycan indi innovasiya, insan kapitalı, kommunikasiya bağlantıları və yaşıl inkişafın təklif etdiyi yeni artım drayverlərinə diqqət yetirməlidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dünya Bankına üzv oldu. Son 30 il ərzində Bank milli prioritetlərin və ehtiyacların dəstəklənməsi üçün geniş spektrli bilik mübadiləsi, potensialın yaradılması və texniki yardım fəaliyyəti ilə yanaşı, 4,5 milyard ABŞ dollarından çox məbləğdə 50-dən artıq investisiya layihəsini maliyyələşdirib”.

“Dünya Bankı ilə 30 illik tərəfdaşlıq dövründə Azərbaycan yoxsul ölkədən Bankın dünyanın ən yoxsul ölkələrinə yardım edən qolu olan Beynəlxalq İnkişaf Assosiasiyasına töhfə verən ölkəyə çevrilib”, - deyə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev bildirib. Əlavə edib ki, bank Azərbaycana əsas iqtisadi və institusional islahatların hazırlanmasında və həyata keçirilməsində, infrastrukturun qurulmasında və bütün azərbaycanlılar üçün imkanlar yaradan xidmətlərin göstərilməsində kömək edib.

Qeyd edək ki, son 30 il ərzində Dünya Bankı öz resurslarını, biliyini və təcrübəsini milli məqsədlərə və Bankın yoxsulluğun aradan qaldırılması və ortaq rifahın təşviqi kimi qoşa məqsədlərinə nail olmaq yolunda Azərbaycanın irəliləyişlərini dəstəkləmək üçün təmin edib. Dünya Bankı Qrupu öz iqtisadiyyatını şaxələndirməyə və inkişaf etdirməyə və yüksək gəlirli ölkə kimi öz potensialına nail olmağa səy göstərərkən Azərbaycana kömək etmək öhdəliyinə sadiq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR