Azərbaycanda bank kartları 18%, nağdsız ödənişlər 2 dəfədən çox artıb

Azərbaycanda bank kartları 18%, nağdsız ödənişlər 2 dəfədən çox artıb
# 30 mart 2023 16:04 (UTC +04:00)

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı fevral ayında 166 min ədəd artaraq 13 milyon 654 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bank kartlarının sayı 18.4% artıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletinində bildirilib. Məlumata görə, ödəniş kartlarında artım debet kartları üzrə 16.9%, kredit kartları üzrə 28.7% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 118 min, kredit kartları 420 min, digər kartlar isə 1.5 mln. ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artıb. 2023-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2877 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2252 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 621 mln. manatı POS-terminallar, 2.9 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşib. Fevral ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 50.9%-ni təşkil edib.

Qeyd edək ki, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə də artım müşahidə olunur. Belə ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 2.7%, POS-terminalların sayı 25% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR