Azərbaycanda geniş pul kütləsinin artım tempi sürətlənib

Azərbaycanda geniş pul kütləsinin artım tempi sürətlənib
# 21 dekabr 2021 14:50 (UTC +04:00)

Bu ilin dekabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 33,031 mlrd. manat təşkil edib. Bu, yeni tarixi maksimumdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici aylıq müqayisədə 1,8%, ilin əvvəlindən isə 13,2% artıb. Oktyabrda geniş pul kütləsi 0,8% artmışdı. Beləliklə, geniş pul kütləsinin artım tempi noyabrda 1 faiz bəndi sürətlənib.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi həsmi 9,5%, 2022-ci ildə isə 7,4% artacaq.

Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır, bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədi güdür.

İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR