Azərbaycanda inflyasiya 13% təşkil edib

Azərbaycanda inflyasiya 13% təşkil edib
# 10 avqust 2022 12:20 (UTC +04:00)

2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113 faiz təşkil edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,1 faiz bahalaşıb. Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 113,7 faiz təşkil edib.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,6 faiz təşkil edib. Cari ilin iyul ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma Aİ-95 markalı avtomobil benzinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, divar kağızlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, şampunların, diş pastalarının və dezodorantların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,9 faiz təşkil edib.

Cari ilin iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin təmiri, ictimai iaşə və MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, ucuzlaşma isə dəmir yolu nəqliyyatı ilə ölkədaxili və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR