2023-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 618 milyon 920 min manat, icbari sığorta növləri üzrə 227 milyon 933 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 25.4% və ya 125 milyon 234 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 41.4% və ya 66 milyon 701 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 24.4% artaraq 274 milyon 138 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 13.1% artaraq 71 milyon 657 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-avqust aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 44.3 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 8 ayında 44.6 manata bərabər olub. Bu ilin yanvar-avqust ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 31.4 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 8 ayında 39.3 manata bərabər idi.