Azərbaycanda orta aylıq əmək haqqı 14% artıb

Azərbaycanda orta aylıq əmək haqqı 14% artıb
# 18 iyul 2022 12:27 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 % artaraq 825,3 manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 min nəfər və yaxud 1,7 % artaraq 1 706 min nəfər olub.

Məlumata görə, onlardan 903,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 802,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,5 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,5 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,9 %-i maliyyə və sığorta fəaliyyəti, 13,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR