Azərbaycanda qeyri-neft sektoruna yönəldilən vəsait 24% artıb

Azərbaycanda qeyri-neft sektoruna yönəldilən vəsait 24% artıb
# 14 noyabr 2022 16:28 (UTC +04:00)

2022-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11 774,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,8 faiz artıb. İstifadə olunmuş vəsaitin 6585,4 milyon manatı və ya 55,9 faizi məhsul istehsalı sahələrinə, 4457,5 milyon manatı (37,9 faizi) xidmət sahələrinə, 731,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 9043,3 milyon manatını və ya 76,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8663,9 milyon manatı və ya 73,6 faizi isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,2 faiz, büdcə vəsaitləri 36,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, sair vəsaitlər 3,9 faiz, bank kreditləri isə 2,8 faiz təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR