Azərbaycanda qiymətli kağızların emissiya prosesi elektronlaşdırıla bilər

Azərbaycanda qiymətli kağızların emissiya prosesi elektronlaşdırıla bilər
# 30 dekabr 2021 10:51 (UTC +04:00)

Azərbaycanda kapital bazarı infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mərkəzləşdirilmiş ticarət və depozitar sisteminin qurulması və qiymətli kağızların emissiyası prosesinin elektronlaşdırılması nəzərdə tutulur.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə həsr olunmuş bəyanatında deyilir.

Bundan əlavə, 2022-ci ildə AMB investisiya şirkətlərində nəzarət çərçivəsinin və korporativ idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin icrasını nəzərdə tutur.

Kiçik və orta biznes subyektlərinin kapital bazarından maliyyələşməsinin təşviqi məqsədilə onlar tərəfindən emissiya edilən korporativ istiqrazlara zəmanət və subsidiyanın verilməsi mexanizminin yaradılması üzrə tədbirlər görüləcəkdir.

"AMB-nin IOSCO (Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatı) təşkilatına imtiyazlı üzvlüyünün təmin edilməsi, xarici investorların kapital bazarına çıxış imkanlarının artırılması məqsədilə qlobal kastodianlarla əlaqələrin qurulması, törəmə maliyyə alətləri üzrə tənzimləyici çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə şirkətlərlə və əhali ilə maarifləndirici tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur", - bəyanatda bildirilir.

Xatırladaq ki, AMB kapital bazarının infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Türkiyənin mərkəzi depozitarı ilə əlaqələr qurub və növbəti ildən Bakı Fond Birjası ilə İstanbul Birjası arasında dual listinq modelinin tətbiq edilməsi nəzərdə tutulur.

Həmçinin, kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə bazar iştirakçıları ilə birgə intensiv maarifləndirmə tədbirləri təşkil edilmişdir. 2021-ci ildə korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 535 mln. manat olan 20 emissiya prospekti təsdiq edilmiş və cari ilin ilk 11 ayında 505 mln. manat məbləğində korporativ qiymətli kağız fond birjasında yerləşdirilib.

Qeyd edilən dövrdə fond birjasında ticarət həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,3%, bu dövrdə repo bazarı isə 3,4 dəfədən çox artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR