Azərbaycanda yeni qeydiyyatdan keçən şirkətlərin sayı 34% artıb

Azərbaycanda yeni qeydiyyatdan keçən şirkətlərin sayı 34% artıb
# 10 noyabr 2022 17:23 (UTC +04:00)

2022-ci ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1.397.137-yə çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, 2021-ci ilin eyni dövrünə nisbətən vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,1 faiz (ümumi artımın 82,5 faizi), hüquqi şəxslərin sayı 9,4 faiz (ümumi artımın 17,5 faizi) artıb.

2022-ci ilin 10 ayı ərzində 12.975 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1 faiz çoxdur. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,9 faizi elektron qaydada, 28,1 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2.441-nin (ümumi qeydiyyatın 18,8 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,9 faiz təşkil edib.

Yanvar-oktyabr ayları ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1.547 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,9 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,7 faiz təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,4 faizi Asan imza ilə imzalanmaqla təqdim olunub.

Yanvar-oktyabr ayları ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,5 faizi yerli investisiyalı, 23,5 faizi xarici investisiyalı qurumlardır.

2022-ci il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,3 faizi kooperativ və s. formalarda yaradılıb. 2022-ci ilin noyabr ayının 1-nə 383 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

2022-ci ilin 10 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 19,5 faiz artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR