Azərbaycanın qeyri-neft ixracı noyabrda kəskin artıb

Azərbaycanın qeyri-neft ixracı noyabrda kəskin artıb
# 30 dekabr 2021 11:41 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ixracı 19,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,4 mlrd. ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 mln. dollar və ya 44% artıb.

2021-ci ilin 11 ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 258,8 min dollar artaraq 549,8 mln. dollar təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,4 dəfə, kimya sənayesi məhsulları 2,7 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, pambıq lifi 70,2%, alüminium və ondan hazırlanan məmulatlar 69,3%, şəkərdə isə 29,8% artım qeydə alınıb.

2021-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (187,7 mln. dollar) birinci olub. Bu siyahıda qızıl (184,7 mln. dollar) ikinci, pomidor (tomat) (140,6 mln. dollar) isə üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin yanvar-noyabr ayları ərzində Rusiya Federasiyasına 763,8 mln. dollar, Türkiyəyə 586,1 mln. dollar, İsveçrə Konfederasiyasına 204,5 mln. dollar, Gürcüstana 143,4 mln. dollar və Braziliyaya 70,9 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə noyabr ayı üzrə ixrac 2,95 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 58,7% təşkil etməklə 307,2 mln. dollar olub. 2021-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 1,6% artaraq 98,9 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 2,2 dəfə artaraq 208,3 mln. dollar təşkil edib.

2021-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (98,4 mln. dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (77,7 mln. dollar) və Braziliya üçüncü (23,1 mln. dollar) olub.

2021-ci ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (37 mln. dollar) birinci, pambıq mahlıcı (27 mln. dollar) ikinci və karbamid (23,6 mln. dollar) üçüncü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR