"Bank of Baku" 2022-ci ilin nəticələrini açıqlayıb

"Bank of Baku" 2022-ci ilin nəticələrini açıqlayıb
# 25 yanvar 2023 17:04 (UTC +04:00)

"Bank of Baku" 2022-ci ilin maliyyə göstəricilərini açıqlayıb.

“Apa-Economics” “Bank of Baku”nun maliyyə hesabatlarına istinadən xəbər verir ki, bankın 2022-ci ildə xalis mənfəəti 2021-ci illə müqayisədə 60% və ya 13 mln. 805 min manat artaraq 36 mln. 865 min manata yüksəlib.

31 dekabr 2022-ci il tarixinə bankın faiz gəlirləri 2021-ci ilə nisbətən 47.3% və ya 32 mln. 142 min manat artaraq 100 mln. 70 min manata, faiz xərcləri 73% və ya 9 mln. 671 min manat artaraq 22 mln. 905 min manata çatıb. Xalis faiz gəlirləri dövr üzrə 41% və ya 22 mln. 471 min manat artaraq 77 mln. 165 min manata yüksəlib.

Bankın əməliyyat mənfəəti ötən il 65% artaraq 34 mln. 97 min manata bərabər olub. 2021-ci ildə bu göstərici 20 mln. 586 min manat idi.

Hesabat dövründə bankın kredit portfeli (müştərilərə verilmiş kredit) 39.5% və ya 163 mln. 673 min manat artaraq 577 mln. 534 min manat təşkil edib. İstehlak kreditlərinin həcmi 398 mln. 103 min manat (2021-ci ilə nisbətən 44.5% çox), biznes kreditlərinin həcmi 154 mln. 675 min manat (2021-ci ilə nisbətən 28.3% çox), daşınmaz əmlak kreditlərinin həcmi isə 24 mln. 725 min manat (2021-ci ilə nisbətən 38.7% çox) olub.

2022-ci ildə bankda hüquqi (35 mln. 513 min) və fiziki şəxslərin (330 mln. 19 min) depozitlərinin cəmi 365 mln. 532 min manat təşkil edib. 2021-ci illə müqayisədə bankın depozitləri 47.9% və ya 118 mln. 355 min manat artıb.

Ötən il "Bank of Baku"nun kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 2021-ci illə müqayisədə 2.3 dəfə artaraq 123 mln. 669 min manata çatıb.

Bu ilin yanvarın 1-nə "Bank of Baku"nun cəmi aktivləri 2021-ci ilə nisbətən 41% və ya 203 mln. 737 min manat artaraq 701 mln. 231 min manata yüksəlib. Bankın öhdəliklərinin həcmi isə 43.5% və ya 175 mln. 351 min manat artaraq 578 mln. 370 min manata bərabər olub.

Hesabat dövründə bankın cəmi kapitalı 30% artaraq 122 mln. 860 min manat təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR