Bankirlərin yatırım etdiyi sığorta: dövlət imtiyazları, risksiz investisiya, yoxsa özəl pensiya imkanı? - ARAŞDIRMA

Bankirlərin yatırım etdiyi sığorta: dövlət imtiyazları, risksiz investisiya, yoxsa özəl pensiya imkanı? - ARAŞDIRMA
# 10 may 2023 17:59 (UTC +04:00)

Azərbaycanda sığorta deyilərkən ilk növbədə avtomobillərin icbari sığortası yada düşür. 1,4 milyondan çox avtomobilə sığortanın icbari tətbiq edilməsi, sığortasız avtomobillərə cərimə tətbiqi, üstəlik hər gün xeyli sayda qəza və buna görə sığorta tələbi, ödəniş ala bilməyənlər, gözləntidən az həcmdə sığorta təklifi, tətbiq edilən yeniliklərə uyğunlaşma və digər məsələlər əhali arasında icbari avtosığortanı daha məşhur edib. Amma yerli sığorta bazarında səssiz-səmirsiz hər il sürətlə böyüyən və yığımların həcminə görə avtomobillərin icbari sığortasından dəfələrlə böyük olan bir sığorta növü var. Bu, həyatın yaşam sığortasıdır!

Həyatın yaşam sığortası nədir?

Həyatın yaşam sığortası həm investisiya, həm sığorta, həm də dövlətin verdiyi imtiyazları özündə birləşdirən həyat sığorta növüdür. Sadə dildə izah etsək, sabit aylıq əmək haqqısı olan vətəndaşlar sığorta şirkəti ilə bir neçə il müddətinə müqavilə (adətən müqavilə müddəti 3 il müəyyən edilir) imzalayır. Dövlət və ya özəl sektorda çalışan işçi hər ay əmək haqqının bir hissəsini həyatın yaşam sığortasına yönəldir. Həyat sığorta şirkəti isə müqavilə müddətinin sonunda ödənilən vəsaiti, bu vəsaitə hesablanan gəlir faizini, həm də bu sığortaya yönəldilən vəsaitə hesablanmış vergi və sosial sığortanı toplayaraq vətəndaşa geri qaytarır. Məsələ bununla da yekunlaşmır. Adından da göründüyü kimi həyatın yaşam sığortası olduğu üçün müqavilə müddətində vətəndaşın sağlamlığına hər hansı bir zərər dəyərsə və ya ölüm hadisəsi baş verərsə, müqavilə üzrə hesablanan yekun ödəniş məbləği dərhal ya vətəndaşın özünə, ölüm halı baş verdikdə isə onun vərəsələrinə təqdim edilir. Başqa sözlə, vətəndaş həm həyatını sığortalayır, həm dövlətə ödəyəcəyi vergini, o cümlədən sosial sığortanı geri qazanır, həm də sığorta şirkətindən yığılmış vəsaitdən əlavə yatırım faizi əldə etmiş olur.

Azərbaycan sığorta bazarının gözə görünməyən “nəhəng”i - 400 milyonluq portfel

Bütün bu sadalananlar isə həyatın yaşam sığortasını xüsusilə cəlbedici edib. Bunu Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikadan da görmək olur.

APA-Economics”in hesablamalarına görə, son altı ildə Azərbaycanda bu sığorta növü üzrə toplanan vəsaitlər 5 dəfə artıb. Belə ki, 2016-cı ildə həyatın yaşam sığortasına “yatırım”lar 79,8 milyon manat olubsa, 2022-ci ildə yığımlar rekord həddə çataraq 396,7 milyon manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, ötən il avtomobillərin icbari sığortası üzrə yığımlar bundan 3,5 dəfə az, yəni 113,8 milyon manat təşkil edib. 2022-ci ildə həyatın yaşam sığortasının həyat sığorta növləri üzrə bazar payı 93,3%-ə bərabər olub. Ümumi sığorta bazarı üzrə isə ötən il toplanan hər 10 manatdan 4,1 manatı təkcə bu sığorta növünə aid olub. Bu isə o deməkdir ki, həyatın yaşam sığortası Azərbaycan sığorta bazarının üzrə üzdə görünməyən “nəhəngi”dir. Yüksək artım dinamikasına baxmayaraq bu da son deyil, həyatın yaşam sığortasının potensialı açıqlanan son rəqəmlərdən dəfələrlə çoxdur. Bunu sektorun aparıcı mütəxəssisləri, ekspertlər də etiraf edirlər.

"Qarşıdakı 10 ildə həyatım yaşam sığortasına yatırımlar 3 mlrd. manata çata bilər"

“PAŞA Həyat” sığorta şirkətinin risklərin idarəolunması departamentinə direktoru Şahin Mahmudzadə “APA-Economics”ə bildirib ki, həyatın yaşam sığortasının artım potensialı əhalinin yığım vərdişlərinə bağlıdır. Əhalinin yığım vərdişləri artdıqca bu ümumi yığımların həcminə də təsir edir. O bildirib ki, Türkiyə kimi inkişaf etməkdə olan böyük ölkələrdə həyatın yaşam sığortası ümumdaxili məhsulun(ÜDM) 2-3%-i həcmində formalaşır. Azərbaycanda isə bu göstərici ÜDM-in cəmi 0,3%-i həcmindədir. MDB məkanında baltikyanı ölkələr, Rusiya və Qazaxıstan həyatın yaşam sığortasının həcminə görə Azərbaycanı qabaqlayıb. Digər ölkələr üzrə bu yığım sığortası göstəriciləri Azərbaycanla eyni səviyyədədir.

Ş.Mahmudzadənin sözlərinə görə, dinamika bu şəkildə davam edərsə, qarşıdakı on il müddətində Azərbaycan Türkiyə səviyyəsinə çata və həyatın yaşam sığortası üzrə yığımlar 10 dəfə arta bilər, yəni bu sığortaya yatırımlar 3 milyard manat civarında formalaşa bilər.

Sığortaçılar qeyd ediblər ki, həyatın yaşam sığortasına yatırım edənlər əsasən gəlirləri, maliyyə savadlılığı yüksək olan şəxslərdir. "Daha çox maliyyə sektorunda, bankda çalışanlar həyatın yaşam sığortasına yatırım edirlər. Özəl şirkətlərdə çalışan müxtəlif peşə sahibləri də investisiyalarını bu sığortaya yönəldirlər. Bu isə həyatın yaşam sığortasının digər investisiya imkanlarına nisbətən risksiz olması ilə bağlıdır"- Şahin Mahmudzadə əlavə edib.

"Daha çox maliyyəçilər, bankirlər, iri holdinq işçiləri əmək haqqlarını yaşam sığortasına yatırım edir"

Sığorta ekspertləri həyatın yaşam sığortasına investisiya aləti kimi maraq göstərənlərin daha çox iri holdinq, neft sektorunda fəaliyyət göstərən şirkətlər, bank və sığorta şirkətlərində çalışan və əmək haqqı 1000 manatdan çox işçilər olduğunu vurğulayırlar.

"Bazarın potensialı ölkənin əmək haqqı fondu həcmindədir"

Ekspertlər həmçinin, həyatın yaşam sığortasının artım potensialının daha yüksək olduğuna diqqəti çəkirlər. Bildirilir ki, həyatın yaşam sığortasına investisiyaların artması daha çox korporativ mühitdə itkisiz investisiya aləti kimi qəbul edilməsi və bazarda alternativinin olmaması ilə bağlıdır. Azərbaycanda həyatın yaşam sığortasının potensialı illik əmək haqqı fondunun həcmi qədərdir. Hazırki penetrasiya həcmi isə 10-15% civarında təxmin edilir. Bu isə çox aşağıdır.

"Həyatın yaşam sığortası özəl pensiya sığortasına çevrilə bilər"

Bazar üzrə mütəxəssislər hesab edirlər ki, bu sığortanın yerli bazarda daha da inkişaf etdirilməsi üçün həyat sığorta məhsullarına əhalinin ayrı-ayrı hissələrinə əlçatanlığı artırılmalıdır:"Həyat sığorta şirkətləri daha çox Bakıda əmək haqqısı yüksək olan vətəndaşlara fokuslanıblar. Regionlarda çalışan vətəndaşlar üçün də bu sığorta imkanları ilə bağlı təkliflər olmalıdır".

Mütəxəssislərin fikrincə, həyatın yaşam sığorta müqavilələrinin müddəti 10 il və daha çox müəyyən edildiyi təqdirdə alternativ pensiya imkanı kimi də faydalı ola bilər. Məsələn, xarici təcrübədən pensiya sığortası geniş yayılıb və sığorta yığımlarının böyük hissəsini özündə cəmləşdirib.

"Yığım sığortası hazırki pensiya sisteminin rəqibi ola bilər"

Açıqlanan rəqəmlərin təhlili və eksperlərin fikirləri onu deməyə əsas verir ki, nəinki özəl pensiya fondların yaradılması, həyatın yaşam sığortası üzrə tətbiq edilən imtiyazlarının əvvəlki formada davam etdirilməsi belə hazırki pensiya sisteminə rəqibə çevrilə bilər.

"Vergi Məcəlləsinə edilən dəyişikliklər həyatın yaşam sığortası yığımlarını azaldıb"

Sığorta eksperti İlkin İbrahimov “APA-Economics”ə açıqlamasında qeyd edib ki, hətta həyatın yaşam sığortasına cəlb edilən əmək haqqlarına tətbiq edilən sosial sığorta güzəştləri Dövlət Sosial Müdafiə Fondunun yığımlarının azalmasına təsir edib. Bu amillər nəzərə alınaraq 2017-ci il yanvarın 1-dən “Vergilər Məcəlləsi”nə edilən dəyişikliyə əsasən əmək haqqlarının həyatın yaşam sığortasına cəlb edilən hissəsinə tətbiq edilən imtiyazlar nisbətən azaldıldı. Əvvəlki qayda ilə vətəndaş əmək haqqının 200 manatdan yuxarı olan hissəsi həyatın yaşam sığortasına cəlb edildikdə sosial ödənişlərdən azad idisə, yeniliyə əsasən bu həcm əmək haqqının 50%-i məbləğinə kimi endirildi.

"Bu sığortaya investisiyanın əsasən yüksək gəlirli şəxslər tərəfindən edildiyi nəzərə alsaq, vətəndaş artıq gəlirlərinin daha az hissəsini yaşam sığortasına istiqamətləndirə bildi. Sığorta müqavilələri 3 il müddətinə bağlandığı üçün yeni qaydanın tətbiqi 2019-cu il üzrə həyatın yaşam sığortası üzrə yığımların həcminə kəskin təsir etdi. Yığımların həcmi 2018-ci ildəki 253,9 milyon manatdan birdən-birə 166,1 milyon manata endi. Bununla dövlət Dövlət Sosial Müdafiə Fonduna yığılan sosial sığorta vəsaitlərin azalmasının qarşısını ala bildi. Dəyişiklik olmasaydı, həyatın yaşam sığortasının bazar üzrə artım dinamikası daha yüksək ola bilərdi" - İlkin İbrahimov əlavə edib.

Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR