Baş nazir ərzaq və dərmanların qiymətinin artmasının səbəbini açıqlayıb

Baş nazir ərzaq və dərmanların qiymətinin artmasının səbəbini açıqlayıb
# 09 dekabr 2022 12:00 (UTC +04:00)

“Bir sıra millət vəkilləri tərəfindən istehlak bazarında müşahidə edilən qiymət artımları, o cümlədən dərman vasitələrinin qiymətlərində artımın olması barədə narahatlıq ifadə edilib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, qlobal istehsal-təchizat zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub: "Yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur. Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Bir sözlə qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22% təşkil etmiş və ölkəmizdə də orta illik inflyasiya ikirəqəmli olub (13,8%). İnflyasiya əsasən ərzağın bahalaşması (60%-dən çox) hesabına formalaşıb".

Baş nazirin sözlərinə görə, Azərbaycan dərman vasitələri üzrə daxili tələbatının 95 faizdən çoxunu idxal edir ki, onun da yarısı Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Rusiya və Ukrayna kimi ölkələrin payına düşür: "Sadaladığım səbəblər dərman qiymətlərinə və təminatına da mənfi təsir edir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən müvafiq qaydalara uyğun həyata keçirilir. Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən dərmanların ümumi sayının 13 493 adda olduğu halda, Şura tərəfindən son qiymət artımı ancaq 277 adda dərman vasitəsinə (cəmi 2%-nə) tətbiq olunub. Bunlardan 126 adda dərman vasitəsi (yəni 45%) Rusiya, Ukrayna və Belarus istehsalı olan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərman vasitələrinin Azərbaycanda satış qiymətlərinin artması qaçılmaz idi. Son zamanlar Azərbaycanda bir neçə adda dərman vasitələrinin çatışmazlığı və təchizatı problemi ilə əlaqədar məsələ qaldırılmışdır. Bununla bağlı vəziyyət Hökumət tərəfindən nəzarətə götürülüb. Hazırda həyati vacib dərmanların təminatında hər hansı bir ciddi çətinlik müşahidə olunmur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR