Biznes “Premium Bank”dan 65 milyonluq əmanəti geri çəkib - Hesabat

Biznes “Premium Bank”dan 65 milyonluq əmanəti geri çəkib - Hesabat
# 26 yanvar 2023 16:01 (UTC +04:00)

“Premium Bank” ASC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.

“Apa-Economics” “Premium Bank”ın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bankın 2022-ci ildə xalis mənfəəti 2.8 dəfə artaraq 5 mln. 466 min. manat olub. Qeyd edək ki, bu göstərici 2021-ci ildə 1 mln. 935 min manat idi.

31 dekabr 2022-ci il tarixinə bankın faiz gəlirləri 2021-ci ilə nisbətən 5.2% və ya 1 mln. 672 min manat azalaraq 30 mln. 711 min manata, faiz xərcləri 31% və ya 4 mln. 472 min manat azalaraq 9 mln. 943 min manata enib. Xalis faiz gəlirləri dövr üzrə 15.6% və ya 2 mln. 800 min manat artaraq 20 mln. 768 min manata bərabər olub.

Bankın əməliyyat mənfəəti ötən il 10 mln. 545 min manat təşkil edib. 2021-ci ildə əməliyyat xərcləri əməliyyat gəlirlərini üstələdiyi üçün əməliyyat zərəri 714 min. manata bərabər olub. Bank hesabat dövründə 3 mln. 176 min. manat mənfəət vergisi ödəyib ki, bu göstərici əvvəlki hesabat dövrü ilə müqayisədə 27.2% və ya 680 min. manat çoxdur.

Bankın kredit portfeli (müştərilərə verilmiş kredit) 14% və ya 71 mln. 108 min manat azalaraq 436 mln. 968 min manat təşkil edib. İstehlak kreditlərinin həcmi 3.4 dəfə və ya 4 mln. 254 min manat artaraq 5 mln. 993 min manat, biznes kreditlərinin həcmi 16.5% və ya 78 mln. 659 min azalaraq 295 mln. 121 min manat, daşınmaz əmlak kreditlərinin həcmi isə 11.2% və ya 3 mln. 296 min manat artaraq 32 mln. 606 min manat təşkil edib.

Hesabat dövründə “Premium Bank”ın ümumi depozitləri 2021-ci ilə nəzərən 10% və ya 51 mln. 870 min azalaraq 466 mln. 360 min manat olub. Hüquqi şəxslərin depozitləri 34.1% və ya 65 mln. 277 min azalaraq 125 mln. 827 min manata, fiziki şəxslərin depozitləri isə 4.1% və ya 13 mln. 407 min artaraq 340 mln. 663 min manat olub.

Bu ilin yanvarın 1-nə “Premium Bank”ın cəmi aktivləri 2021-ci illə müqayisədə 9% və ya 68 mln. 137 min manat azalaraq 692 mln. 202 min manata bərabər olub. Bankın öhdəliklərinin həcmi isə 11.2% və ya 64 mln. 762 min manat azalaraq 509 mln. 638 min manat olub.

Hesabat dövründə bankın cəmi kapitali 1.8% azalaraq 182 mln. 564 min manat təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR