Britaniya şirkətinin Azərbaycanda qızıl hasilatı 11%-ə yaxın azalıb

Britaniya şirkətinin Azərbaycanda qızıl hasilatı 11%-ə yaxın azalıb
# 17 yanvar 2023 17:29 (UTC +04:00)

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2022-ci ildə 43,114 unsiya qızıl hasil edib. Bu isə 2021-ci illə müqayisədə 10,8% azdır.

Bu barədə “APA-Economics”ə şirkətdən bildirilib. Qeyd olunub ki, 2021-ci ildə şirkət 48,680 unsiya qızıl istehsal edə bilmişdi.

“Anglo Asian Mining" bu dövrdə 182,046 unsiya gümüş və 2,516 ton mis hasil edə bilib. Başqa sözlə, gümüş istehsalı 18,2% artdığı halda, mis istehsalı 5% azalıb. Mədən şirkəti ötən il ümumilikdə 57,618 unsiya qızıl ekvivalentində (GEOs) qiymətli metal hasil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10,8% az olub.

Şirkətin pul vəsaitlərinin həcmi 31 dekabr 2022-ci il tarixinə 20,3 milyon dollar(III rübdə 15,3 milyon dollar) təşkil edib. “Anglo Asian Mining"in 2022-ci il üzrə xərclərinə isə 4,6 milyon dollar həcmində dividend ödənişləri, o cümlədən "Zəfər mədəni" ilə bağlı 0,5 milyon dollar həcmində xərclər daxildir.

31 dekabr 2022-ci il tarixinə “Anglo-Asian Mining”in 3,6 milyon ABŞ dolları dəyərində qızıl və gümüş (2,5 milyon dollarlıq qızıl və gümüş külçələri və 1,1 milyon dollarlıq mis konsentratı) ehtiyatı yaranıb.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR