Büdcədə məhkəmə hakimiyyəti və hüquq mühafizə üzrə xərclərin xüsusi çəkisi artıb

Büdcədə məhkəmə hakimiyyəti və hüquq mühafizə üzrə xərclərin xüsusi çəkisi artıb
# 21 may 2022 16:00 (UTC +04:00)

2021-ci ildə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclərə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 2033,0 milyon manat məbləğində vəsait istifadə olunub.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilir ki, bu da ayrılması nəzərdə tutulan 2088,2 milyon manat məbləğində vəsaitə nisbətən 55,2 milyon manat və ya 2,6 faiz az, 2020-ci illə müqayisədə isə 206,8 milyon manat və ya 11,3 faiz çoxdur. Bu xərclər ÜDM-in 2,2 faizini, dövlət büdcəsi xərclərinin isə 7,4 faizini (2020-ci illə müqayisədə 0,5 faiz-bənd çox) təşkil edib.

Bununla yanaşı, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 65,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2021-ci ildə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclərə dövlət büdcəsi xərclərinin 7,7 faizi həcmində (2020-ci illə müqayisədə 0,5 faiz-bənd çox) və ya 2098,2 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2020-ci illə müqayisədə 198,8 milyon manat və ya 10,5 faiz çoxdur.

Aztəminatlı əhaliyə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün hesabat ilində dövlət büdcəsindən 4,5 milyon manat məbləğində vəsait ayrılıb.

Hesabatda həmçinin qeyd edilib ki, 2021-ci ilin dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirləri hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 264,3 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 57,3 milyon manat və ya 27,7 faiz çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR