Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın da yerləşdiyi Orta Şərq və Mərkəzi Asiya regionunun iqtisadi artım proqnozunu yeniləyib.
"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının yenilənmiş yanvar sayında bildirilib.
Proqnoza görə, region üzrə iqtisadi artım 2022-ci ildəki 5,3%-dən bu il 3,2%-ə kimi azalacaq. Bu proqnoz Beynəlxalq Valyuta Fondunun ötən ilin oktyabr ayında açıqladığı proqnozdan 0,4% bəndi azdır. Bu isə Səudiyyə Ərəbistanında iqtisadi artımın 2022-ci ildəki 8,7%-dən 2023-cü ildə 2,6% qədər azalması ilə bağlıdır. 2023-cü il üçün reytinqin aşağı salınması əsasən Səudiyyə Ərəbistanın OPEC+ vasitəsilə əldə olunan razılaşmaya uyğun olaraq neft hasilatının azaldılması ilə bağlıdır, ölkənin qeyri-neft sektorunda artımın isə davam edəcəyi bildirilib.
Beynəlxalq Valyuta Fondu 2024-cü il üzrə isə Orta Şərq və Mərkəzi Asiya üzrə iqtisadi artımı 3,7% proqnozlaşdırıb ki, bu da əvvəlki proqnozdan 0,2% bəndi çoxdur.