Deputat Maliyyə Nazirliyinin zəmanətli kreditlər barədə məlumat verməsini istəyib

Razi Nurullayev

© APA | Razi Nurullayev

# 20 dekabr 2021 11:19 (UTC +04:00)

“Dövlət müəssisələrinin Azərbaycan hökumətinin zəmanəti ilə aldığı kreditlərin effektivliyi və ya qeyri-səmərəliliyi barədə şəxsən mənim heç bir məlumatım yoxdur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, ümumiyyətlə, ən ciddi məsələlərdən biri bu günə qədər alınan kreditlərlə bağlı müfəssəl, şəffaf və görülən işləri əks etdirən hesabatın cəmiyyətə açıqlanmamasıdır: “Bilmək istərdik ki, kredit alan müəssisələrin nə qədər borcu var, o kreditlərlə hansı işlər görülüb, hansı yarımçıq qalıb və ya kökündən edilməyib. Borcun miqdarı barədə də mərtəbəli və dolaşıq məlumatlar verilir.

Üzümü Maliyyə Nazirliyinə tutub deyirəm ki, bizə bu günə qədər götürülən kreditlərin səmərəliliyi və ya əksi barədə məlumatı təqdim edin. Bu məsələyə aydınlıq gətirilməsə, bütün bu tip layihələrin əleyhinə səs verəcəm, həmkarlarımı da bu məsələnin ciddiliyinə varmağa səsləyirəm. Səmərəsini və görülən işlərin şəffaf hesabatını bilmədiyiniz işdə iştirakçı olmayaq. Borc verən maliyyə institutlarının apardığı monitorinq də həqiqəti əks etdirmir. Hər bir kredit bu xalqın cibindən, mayasından gedir, onun üçün də hesabatlılığı ən yüksək səviyyədə olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR