Deputat: Mili Məclisdə büdcəyə nəzarət komitəsi yaradılmalıdır

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 31 may 2023 11:55 (UTC +04:00)

“Büdcə ilə bağlı şəffaflığın yetərincə təmin olunmadığı göz önündədir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Milli Məclis Hesablama Palatasının rəyində və deputatların çıxışlarında əksini tapmış müvafiq nəzarət funksiyasına uyğun olaraq qərarlar qəbul etməlidir: “Mili Məclisdə komitələr birləşdirilməli, büdcəyə nəzarət komitəsi yaradılmalıdır. Milli Məclis tərəfindən büdcəyə nəzarət tam təmin edilməlidir. Şəffaflığın artırılması üçün ciddi təkliflər hazırlanmalıdır. Biz yalnız hökumətdən qanun layihələri gözləməməliyik, özümüz qanun layihələri hazırlamalıyıq”.

Deputat əlavə edib ki, sosial problemlər ucbatından intihar edən, kömək istəyən müharibə əlilləri, yoxsul insanlar ola-ola, büdcədən ayrılan pullara qənaət edilir: “Sosial müdafiəyə ayrılan pullar xərclənmədiyi halda 5-6 ildir, zabitlər ev növbəsindədir. Bölüşdürülməmiş xərclər büdcə xərclərinin 8%-ni təşkil edir ki, bu da narahatlıq doğurur”.

Deputat, həmçinin, metroda sıxlıq probleminə də toxunub: “Prezident tərəfindən metroda yeni xətlərin istifadəyə verilməsi tövsiyə olunmuşdu. Xətlərin sayı 5-ə, stansiyaların sayı isə 26-dan 70-ə çatdırılmalı idi. Amma 12 il ərzində cəmi 2 xətt istismara verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR