Dövlət əmlakının icarəsindən büdcəyə daxil olan vəsait açıqlanıb

Dövlət əmlakının icarəsindən büdcəyə daxil olan vəsait açıqlanıb
# 26 sentyabr 2022 15:22 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yanvar-avqust ayları ərzində 45 hərrac keçirib. Hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 375 nəqliyyat vasitəsi özəlləşdirilib.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Elmar Yaqubov deyib. O bildirib ki, hərraca çıxarılmış dövlət əmlakı üzrə 270 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 69 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-avqust ayları ərzində hərrac yolu ilə 23 faydalı qazıntı yatağı istismara verilib. Bu ilin 8 ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə 38,2 milyon manata yaxın vəsait daxil olub.

Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, bu ilin 8 ayı ərzində ümumilikdə 2.847 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 586-sı qeyri-yaşayış sahələri üzrə, 2.261-i isə torpaq sahələrinə dair olub. Bağlanmış icarə müqavilələrinin sayı 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,8 dəfə çoxdur. Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 8 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 16,8 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub. Beləliklə, bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən 55 milyon manata yaxın vəsait büdcəyə ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR