2023-cü ilin dövlət büdcəsinə Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə təmin olunmalı gəlirlər ilkin olaraq 4803,3 mln. manat proqnozlaşdırılıb, yenidən baxılma zamanı 924,7 mln. manat artırılaraq 5728 mln. manata yüksəldilib.
“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
Qeyd edək ki, gəlirlərin mədaxil mənbələri üzrə bölgüsünün təhlilinə əsasən, 2023-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə əlavə artımın malların idxalına əlavə dəyər vergisi və gömrük rüsumları hesabına təmin olunacağı nəzərdə tutulub.
Xatırladaq ki, yenilənən proqnoz 2022-ci ilin icrasından cəmi 73,4 mln. manat və ya 1,3% çoxdur.