Dünyadakı banklar üç ilə kömür sənayesinə 1,5 trln. dollar ayırıb

Dünyadakı banklar üç ilə kömür sənayesinə 1,5 trln. dollar ayırıb
# 16 fevral 2022 10:48 (UTC +04:00)

Dünyadakı kommersiya bankları 2019-cu ilin yanvarından 2021-ci ilin noyabrına qədər kömür sənayesinə təxminən 1,5 trln. ABŞ dolları məbləğində vəsait ayırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Urgewald" və "Reclaim Finance" təşkilatlarının birgə araşdırmasında deyilir.

Eyni zamanda, 6 ölkənin – ABŞ, Çin, Yaponiya, Hindistan, Kanada və Böyük Britaniyanın maliyyə institutlarının sözügedən sənayenin ümumi maliyyələşdirilməsində payı 80%-dən çox təşkil edib.

"Bu maliyyə institutlarını hər tərəfdən tənqid etmək lazımdır: vətəndaş cəmiyyəti təşkilatları, maliyyə tənzimləyiciləri, müştərilər və mütərəqqi investorlar. Əgər biz kömürdən əl çəkməsək, o, bizim axırımıza çıxa bilər", - "Urgewald"ın maliyyə araşdırmalarının rəhbəri Ketrin Qansvindt (Catherine Ganswindt) deyib.

Tədqiqat onu da göstərib ki, qeyd olunan dövrdə 363 mlrd. dollar dəyərində qiymətləndirilən kömür sənayesi müəssisələrinə verilən kreditlərin ümumi məbləğinin 48%-i yalnız 12 bankın payına düşüb. Onlardan 10-u 2050-ci ilə qədər sıfır CO2 emissiyasına nail olmaq üçün BMT tərəfindən yaradılmış "Net Zero Banking Alliance"a daxildir.

Araşdırmada qeyd olunur ki, kömür sənayesinin üç ən böyük kreditoru Yaponiyanın "Mizuho Financial", "Mitsubishi UFJ Financial" və "SMBC Group" təşkilatlarıdır. Onların ardınca "British Barclays" və "American Citigroup" gəlir.

Bu arada, sənayenin maliyyələşdirilməsinin digər mexanizmi anderraytinqdir (banklar tərəfindən korporativ qiymətli kağızların emissiyası və investorlara satılması prosesi – red.). Sözügedən mexanizm vasitəsilə kömür müəssisələri müəyyən edilmiş müddət ərzində təqribən 1,2 trln. dollar məbləğində vəsait əldə ediblər.

Kömür sənayesi üzrə ilk üç ən böyük anderrayter sırasına "Industrial Commercial Bank of China", "China International Trust and Investment Corporation" və "Shanghai Pudong Development Bank" daxildir. 12 ən böyük anderraytinq bankı arasında aktivləri baxımından ABŞ-ın ən böyük bankı – "JPMorgan Chase" də yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR