Dünyanın ən zəngin 10 iş adamının sərvəti son 2 ildə iki dəfə artıb

Dünyanın ən zəngin 10 iş adamının sərvəti son 2 ildə iki dəfə artıb
# 18 yanvar 2022 10:17 (UTC +04:00)

COVID-19 pandemiyası dövründə dünyanın ən zəngin 10 milyarderi ümumi sərvətlərini 800 mlrd. ABŞ dolları məbləğində artırıblar.

"APA-Economics"in "Oxfam"ın hesabatına istinadən verdiyi məlumata görə, eyni dövrdə dünya əhalisinin 99%-nin gəlirləri azalıb. Sözügedən 10 milyarderin sərvəti son 2 ildə 700 mlrd. dollardan 1,5 trln. dollara qədər artıb. Həmin zəngin onluğun hazırkı sərvəti dünyada yaşayan 3,1 mlrd. yoxsulun sərvətindən altı dəfə çoxdur.

Hesabatda qeyd edilir ki, dünyada hər 26 saat yeni milyarder peyda olur və hər dörd saniyədən bir bərabərsizlikdən bir insan vəfat edir. "Oxfam"ın icraçı direktoru Qabriela Buşe bildirib ki, milyarderlər pandemiyanı ələ keçiriblər: "Mərkəzi banklar iqtisadiyyatı xilas etmək üçün maliyyə bazarlarına trilyonlarla dollar inyeksiya ediblər, lakin bu pulların çoxu milyarderlərin ciblərində akkumulyasiya olub".

Qeyd edək ki, "Oxfam" öz araşdırmasında "Credit Suisse" Araşdırma İnstitutunun və Dünya Bankının məlumatlarından, həmçinin "Forbes" jurnalının "Dünyanın ən zəngin adamları"nın reytinqindəki rəqəmlərdən istifadə edib.

Xatırladaq ki, hazırda "Forbes" jurnalının reytinqinə görə, dünyanın ən zəngin üç adamı "Tesla"nın təsisçisi İlon Mask (151 mlrd. dollar), Fransanın LVMH ("Louis Vuitton Moet Hennessy") şirkətlər qrupunun baş meneceri Bernar Arno (150 mlrd. dollar) və "Microsoft" şirkətinin təsisçisi Bill Qeytsdir (124 mlrd. dollar).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR